Menu
Geri İrəli

Potensial Olimpiya çempionu hesab olunan sumqayıtlı gənc

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2015 • Baxış sayı: 1,119 dəfə • Şərh yoxdur

İslam Abbasov potensial Olimpiya çempionu hesab olunur

islam-abbasov-genclik (3)Güləş Azərbaycanın ən populyar idman növlərindən biri olaraq qalır. Bunun belə davam etməsinin əsas səbəbkarları yeni istedadlar və onların böyük qələbələridir. Gənc nəsil o qədər sürətlə uğur qazanıb özündən yaşlıları sıxışdırır ki, izləməyə çatdırmırıq. Bu dəfə sizə onlardan biri – rəqiblərinin qorxulu yuxusu, potensial Olimpiya çempionu İslam Abbasovdan söz açacağıq.

Güləş və gənclik şəhəri
Sumqayıt daima idmanla bağlı bir şəhər olub. “Gənclik şəhəri”ndə az qala hər iki uşaqdan biri mütləq hansısa bir idman növü ilə məşğul olmağa can atıb. Futbol, boks, cüdo populyar olsa da, güləş həmişə öndə sayılıb. 1996-cı il martın 24-də məhz Sumqayıtda anadan olan İslamın belə deyək, başqa çıxış yolu yox idi. Nəzərə alsaq ki, atası Əzim Abbasov da güləşçi olub, “məsələ” lap kiçik yaşlardan aydın idi. Elə atasının əlindən tutub gətirdiyi “Alüminium zal”da Qərib müəllimin ixtiyarına verilən balaca, çox qısa zamanda böyük irəliləyişlərə nail olur. İslam əvvəlcə Sumqayıt birinciliyinin qalibi olur. Sonra Respublika səviyyəli turnirlərdə fəxri kürsüyə qalxır. Bu gənc, iradəli, yaşına görə çox güclü güləşçinin sonrakı uğurları da özünü gözlətmir.

Həm daxili,..
İslam 2010-cu ildən mütəmadi olaraq çıxış etdiyi “Hünər meydanı”, Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə Respublika turniri, Yunan-Roma üzrə yeniyetmələr, ardınca gənclər və nəhayət, böyüklər arasında Azərbaycan çempionatında, həmçinin Azərbaycan Güləş Federasiyası Kubokunda fəxri kürsüyə qalxaraq, bütün əyarlarda medalı boynundan asa bilib. 2012-ci ildən isə beynəlxalq yarışları “dişinə vuran” qəhrəmanımızın qarşısını almaq mümkünsüz olub.

islam-abbasov-genclik (1)…həm də xarici arenadakı uğurları möhtəşəmdir
İki ilə üçqat dünya çempionu, Avropa çempionu və gümüş mükafatçısı, Azərbaycan çempionu və “İlin ən yaxşı güləşçisi” adını qazanmaq… Adam bu cümləni oxuyanda belə tükləri biz-biz durur. Bütün bunları 18 yaşlı birinin qazanmasına da inanmaq çətindir. Ancaq bu, məhz belədir. Və hər şey o qədər aşkardır ki, yalnız nəticələrin adlarını yazmaqla kifayətlənmək olar. Əlavə nə yazacağıq ki? Fantastikadır, vəssalam!

Ermənilərin qənimi
Bu uğurların mənəvi tərəfi də var. Məsələn, İslamın ermənilərlə görüşləri eyni ssenariylə müşayiət olunub. İki dəfə düşmən idmançı ilə üz-üzə gələn Abbasov, heç birinə 2 dəqiqədən artıq vaxt sərf etməyib. Ən qısa zamanda etdiyi ardıcıl fəndlərlə rəqibini çaş-baş salmasını izləmək çox xoşdur. Erməni güləşçilər nələr baş verdiyini anlayana qədər hakim bizim İslamın əlini göyə qaldırıb qalib elan edirdi. Bu ilin avqustunda Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatında lap maraqlı bir məqam yaşandı. İslamın Varujan Qriqoryan üzərində 44 saniyədə qələbə qazanması rəqib məşqçini o qədər özündən çıxartdı ki, o, tələbəsini elə oradaca – tatamidə döyməyə, təpikləməyə başlamışdı. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
İlin ən yaxşısı
Abbasovun 2014-cü ildə qazandığı uğurlu nəticələr Güləş Federasiyası tərəfindən də layiqincə qiymətləndirildi. Bugünlərdə ilin yekunlarına həsr olunan tədbirdə İslam “ilin ən yaxşı Yunan-Roma güləşçisi” adını əldə etdi. Haqq etdiyi bir nailiyyət münasibətilə onu təbrik etmək olar. Bir şey dəqiqdir ki, İslam bu titullardan “ulduz xəstəliyi”nə tutulmayacaq. Çünki o, bir peşəkardır. Peşəkarlıq demişkən…

Əsl peşəkar!
Heç bir uğur asan qazanılmır. Adi bir şəhər birinciliyində mükafat əldə etmək üçün çox sayda rəqibindən üstün olmaq gərəkdir. Hələ qaldı Avropa və ya dünya çempionatları. Tatami hər kəsə eyni münasibəti göstərir: qələbə üçün əziyyət çəkmisənsə, qalib də sən olacaqsan. Yox, yalnız istedadına güvənib güləşmək fikrin varsa, heç döşək üzərinə çıxmasan yaxşıdır. Bütün dünya, Olimpiya çempionlarımız bunu öz nümunələri ilə təsdiqləyiblər. İslam Abbasov da bunu bilir. Günün 6-7 saatını güləşə sərf edən idmançı həm texnika, həm də fiziki hazırlığına diqqət yetirir. Üstəlik, qida və istirahət rejiminə də çox ciddi yanaşması onun yüksək peşəkar olmasını göstərir. Cəmi 18 yaşı olan güləşçinin sözlərinə diqqət yetirin: “Qalib gəlmək üçün çalışmaq, tatamidə can qoymaq lazımdır. Ancaq tatamidən kənardakı vaxt sərfi də böyük əhəmiyyət daşıyır. Mən məşqdən çıxıb müxtəlif işlərlə məşğul olsam, rejimimi pozsam, çempion ola bilmərəm. Yediklərimə, istirahətimə, yuxuma diqqət yetirməliyəm. Bunu etmək, həyatını bu idmana- güləşə vermək, az qala dost-tanışdan uzaq düşmək çox çətindir. Ancaq bilirəm ki, bir gün belə “kənara çıxsam” zəfər məndən uzaq düşəcək. Ona görə də həm məşqdə, həm də digər vaxtlarda idmançı kimi davranıram. Yəqin qazandığım uğurlar də bunun nəticəsidir”.
Əsl peşəkar sözləridir. İdman sadəcə yarış yox, həyat tərzi, iş, çalışmadır. Bir gün belə barmaqarası yanaşma uzun illər boyu düzülən hazırlıq zəncirini qıra bilər. Onu bərpa etmək isə ikiqat çətindir. Gənc İslam Abbasovun peşəsinə yanaşma bucağı çox düzgün, hörmətəlayiqdir.

Tataminin tək sahibi
islam-abbasov-genclik (2)Güləşçilər müxtəlif döyüş tərzlərinə malik olurlar. Xüsusilə də, sərbəst növdə bu, özünü daha aydın göstərir. Ancaq Yunan-Romada durum bir qədər fərqlidir və başqa bacarıqlar ön plana çıxır. Məsələn, fiziki hazırlıq, psixologiya… İslam Abbasov bu baxımdan gücə dayanıqlı güləşə üstünlük verənlərdəndir. Tatami üzərində yüksək fiziki hazırlığı hesabına qələbələr qazanır. Bu yaxınlarda Fransada yerli yığma komanda ilə yoldaşlıq görüşü keçirən millimizin heyətində olan güləşçi, yalnız sona 25 saniyə qalmış fənd edərək qalib gəlmişdi. Melonin Nomunvi ilə görüşün ilk yarısını məğlub başa vuran Abbasov inadkarlığı ilə uğura gedə bildi. Hamıya məlumdur ki, adətən müdafiə olunana qarşı güləşmək çətindir. Çünki onun məqsədi yaradıcılıq yox, dağıdıcılıqdır. İslam da bu problemlə üzləşmişdi. Ancaq böyük güc sərf etmək və hücumlarına ara verməməklə Nomunvini yoran idmançımız, onun ani boşalmasından maksimum yararlandı. Tribunada olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gözü önündə bunu etməsi, onun alqışını qazanmasını xüsusilə qeyd etmək lazımdır.
Qolları çox güclüdür, rəqibi tarazlıqdan çıxarmaq üçün səyləri əksər hallarda effekt verir. Güclü olduğundan fəndləri ardıcıl etməyi, dayanmamağı xoşlayır. Sevimli fəndi çevirmədir. Parterdə rəqibinə nəfəs almaq imkanı verməyərək qısa zamanda zəfərə can atır. Xüsusilə, Serbiyanın Srenjanin şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında bu öz təzahürünü tapmışdı. Turnirdə bütün görüşləri vaxtından əvvəl başa çatdıran Abbasov əvvəlcə belorus, sonra erməni, sonra rus, sonda isə macar rəqibinə heç tablodakı “3-cü dəqiqə”ni görmək imkanı vermədən qızıl medalı boynundan asmışdı. Tatamidə amansız, heç bir səhvi bağışlamayan biridir.

Portreti
“Pəhləvan” deyəndə gözünüzün önünə nə gəlir? Cüssəli, boy-buxunlu, güclü birisi, deyilmi? Bəli, yazımızın qəhrəmanı da gənc pəhləvandır. Böyük arzuları olan, çalışqan, əzmkar birisidir. Fotolarındakı ümumi xüsusiyyət diqqətli olmağıdır. Adi həyatda gülərüz, dostcanlı biri olan İslam, hər addımında döyüşə hazırdır. Yaxınları, vətəni, bayrağı üçün canını əsirgəməyən gənc güləşçinin böyük perspektivi şübhə doğurmur. Arzusudur hamımızınkı ilə üst-üstə düşür: əvvəl Avropa, sonra isə Olimpiya Oyunlarının qalibi olmaq. İki ilə üç dünya çempionluğu qazanan biri üçün bu hədəf əlçatmazdırmı? Əsla!

Kənan Məstəliyev, kaspi.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın