Menu
Geri İrəli

Prezidentliyə namizədlər hicab qadağası haqqında nə düşünürlər?

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2013 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur
İqbal Ağazadə: “Heç bir kəs geyiminə görə təhsil hüququndan məhrum edilə bilməz”
Zahid Oruc: “Ölkənin təhsil müəssisələrində hicabla bağlı problem hələ də öz həllini tapmayıb və bununla bağlı xeyli mübahisəli məqamlar var”
Araz Əlizadə: “Kim istəyir başına papaq qoyur, kim istəyər başı açıq gəzər. Belə bir seçim insanların daxilindən irəli gəlir və buna hər hansı bir formada qadağa qoymaq düzgün deyil”
Sərdar Cəlaloğlu: “Azərbaycan konstitusiyasında vətəndaşlara verilən hüquqların hər hansı bir formada məhdudlaşdırılması yol verilməzdir”
Əhməd Oruc: “18 yaşına çatmamış şəxslərin hansısa dini rituallara və ayinlərə əməl etməsinə doğru baxmıram”
Cəmil Həsənli: “Başörtüsü konkret şəxslərin istəyidirsə, kimsə buna niyə qarışmalıdır ki? Əgər insan özünü daha rahat hiss edirsə, biz niyə ona mane olmalıyıq?”
İlyas İsmayılov: “Hesab edirəm ki, məktəb də dindən ayrıdır və orada olan qayda-qanunlara dindarlar hörmətlə yanaşmalıdırlar”
REAL Hərəkatının icra katibi Natiq Cəfərli: “REAL hərəkatı olaraq hesab edirik ki, yuxarı sinif şagirdlərinin hicab taxması onları təhsil hüququndan məhrum etməməlidir”  
Təxminən bir neçə il bundan öncə orta məktəblərdə vahid məktəbli forması tətbiqindən sonra hicablı şagirdlərin dərslərə buraxılması ilə bağlı ciddi problemlər yaşandı. Hicab qadağası indiyə qədər bəzi məktəblərdə problem olaraq qalmaqdadır və bu qadağaya etiraz etdiyinə görə 100-dən çox inanclı kəsimin nümayəndəsi haqsız yerə həbsə atılıb. Qarşıdan prezident seçkilərinin gəldiyini nəzərə alaraq “prezident seçiləcəyiniz halda mövcud hicab problemini hansı formada həll edəcəksiniz”, – sualı ilə bağlı prezidentliyə namizədliyini irəli sürmüş şəxslərlə əlaqə saxladıq. FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən namizədlər kifayət qədər maraqlı və diqqət çəkən fikirlər səsləndirdilər.
Ümid Partiyasının sədri İqbal Ağazadə
İqbal bəy bildirdi ki, hicab qadağası ilə bağlı yaranmış problemin çox asan həll yolu var: “ Heç bir kəs geyiminə görə təhsil hüququndan məhrum edilə bilməz. Hesab edirəm ki, hər bir şəxs uniformalarla yanaşı milli, mənəvi və islami dəyərlərə uyğun geyimlərlə təhsil ocaqlarına gələ bilər.”
Müstəqil namizəd, millət vəkili Zahid Oruc
Azərbaycanda hansı statusu daşımasından asılı olmayaraq məsələyə baxışımızın müəyyən etməyimizin lazım olduğunu bildirən Zahid Oruc, “ilk öncə təhsil və din sərhədlərini qurmağı bacarmalıyıq. Etiraf etmək lazımdır ki, bu kifayət qədər həssas bir məsələdir. Dünyada sözügedən məsələ müxtəlif formalarda öz həllini tapıb”, – deyə qeyd etdi: “Qardaş Türkiyədə bununla bağlı keçən əsrdə çox ciddi problemlər yaşanıb. Azərbaycanda  hələ də təhsil din münasibətləri sahəsindəki problem həll edilmədən qalıb. Təbii ki, peyğəmbərimizə söykənərək məktəbi məsciddən üstün tutduğumuzu deyə bilərik. Ona görə də elə bir təhsil sistemi qurmalıyıq ki, bizim yeniyetmələrin təfəkkürü özlərinin zahiri görkəmini müstəqil formada müəyyənləşdirməyə imkan versin. Çünki insanların 18 yaşdan sonra öz dini əqidələrini müəyyənləşdirməsi ilə, şagird dönəmində ailə atributu kimi dini dəyərlərdən istifadə etməsi arasında fərq var. Yekun olaraq hesab edirəm ki, insanların dini məsələlərə mövhumatcasına yanaşması fəsadlara gətirib çıxarıb. Lakin bununla yanaşı bütün məktəblərimizin hicablaşması arzuolunan deyil. Ya onlar üçün optimal variant düşünülməli, ya da ki, ən azı dərs prosesində fərqli yanaşma tətbiq edilməlidir. Ölkənin təhsil müəssisələrində hicabla bağlı problem hələ də öz həllini tapmayıb və bununla bağlı xeyli mübahisəli məqamlar var. Mənə deputat seçildiyim Bərdədən hicab qadağası ilə bağlı kifayət qədər müraciətlər daxil olub. Onlar məktəbdən çıxarılmışdılar və sonrada problem öz həllini tapdı.”
ASDP sədri Araz Əlizadə
Araz bəy isə bildirdi ki, ölkə konstitusiyasına görə din dövlətdən ayrıdır və hər kəsin vicdan azadlığı vardır: “Kim istəyir başına papaq qoyur, kim istəyər başı açıq gəzər. Belə bir seçim insanların daxilindən irəli gəlir və buna hər hansı bir formada qadağa qoymaq düzgün deyil. Hicablı şagird orta məktəbdən uzaqlaşdırılsa, onda onun təhsil hüququ necə olmalıdır?”
ADP sədri Sərdar Cəlaloğlu 
Azərbaycan konstitusiyasında vətəndaşlara verilən hüquqların hər hansı bir formada məhdudlaşdırılmasının yol verilməz olduğunu bildirən Sərdar bəy, “əgər şagirdlər hicab taxdığına və vahid formaya görə məktəbə buraxılmırsa bütün bunlarla bağlı təhsil hüququnun başqa bir formada reallaşdırılması ilə tədbirlər görülməlidir. Digər tərəfdən çalışmaq lazımdır ki, cəmiyyətdə az məhdudiyyətlər tətbiq edilsin. Belə ki, insanlar təkcə prezidenti yox, eyni halda öz həyat tərzləri ilə bağlı seçim edə bilsinlər. Ona görə də hesab edirəm ki, dövlətin vətəndaşı geyimi kimi xırda işlərinə qarışması doğru deyil“, – deyə qeyd etdi.
Azadlıq Partiyasının sədri Əhməd Oruc
Əhməd bəy bildirdi ki, Azərbaycanda hicab qadağası ilə bağlı problem hakimiyyət tərəfindən yaradılmışdı: “İnsanların dinə meyl etməsi müəyyən bir yetkinlik yaşından sonra olmalıdır. Kiminsə təhriki, şirnikləndirməsi, xoş və ya aldatma yolu dinə gətirilməsinin tərəfdarı deyiləm. O baxımdan 18 yaşına çatmamış şəxslərin hansısa dini rituallara və ayinlərə əməl etməsinə doğru baxmıram. Lakin 18 yaşından sonra insanların hicab taxaraq universitetlər getməsinin heç bir problemi yoxdur. Mən ümumiyyətlə valideynlərin həbsi bahasına olsa belə 10 illik icbari təhsilin tərəfdarıyam. ”
Sonda Əhməd bəy bildirdi ki, orta məktəblərdə vahid məktəbli forması tətbiq edilməlidir: “İnanc məsələsinə insanların daxili bir işi kimi baxıram. Heç kim heç kimə öz inanc məsələsini məcburi formada çatdıra bilməz.”
Milli Şuranın vahid namizədi Cəmil Həsənli 
“Demokratiya elə ona görə demokratiyadır ki, insanlar ondan yararlana bilsinlər. Başörtüsü konkret şəxslərin istəyidirsə, kimsə buna niyə qarışmalıdır ki? Əgər insan özünü daha rahat hiss edirsə, biz niyə ona mane olmalıyıq? Azərbaycan universitetləri başörtüsünə qarşı göstərdiyi əzmkarlığı rüşvətə qarşı mübarizəyə yönəltsəydi, cəmiyyət üçün yaxşı bir nəticə əldə edilərdi. İslam elminin inkişafına da xüsusi diqqət ayrılmalıdır. Ən azından ona görə ki, Azərbaycanda bunun ənənəsi var. “
Ədalət Partiyasının sədri İlyas İsmayılov 
Həmişə qanunun mətnindən və hüququn prinsiplərindən çıxış etdiyini bildirən İlyas bəy, “hesab edirəm ki, inanclı insanların hüquqları qorunmalıdır. Lakin o da nəzər alınmalıdır ki, qanunvericiliyə görə din dövlətdən ayrıdır. Eyni halda dövlət də dinin inkişafı üçün hərtərəfli şərait yaratmalıdır”, – deyə qeyd etdi: “Hesab edirəm ki, məktəb də dindən ayrıdır və orada olan qayda-qanunlara dindarlar hörmətlə yanaşmalıdırlar”
REAL Hərəkatının sədri İlqar Məmmədov
Hərəkatın icra katibi Natiq Cəfərli bildirdi ki, inanclı insanlara rahat formada yaşamaq üçün şərait yaradılmalıdır: “Bununla bağlı inanclı kəsim özləri seçim etməlidir. Yuxarı sinif şagirdlərinin hicabla məktəbə gəlməsində heç bir problem yoxdur. Bu onların təhsilinə mane olmamalıdır. Əlbəttə ki, inanclı insanların öz dinlərini özgürcə yaşamaq hüquqları var. Lakin bu insanların seçiminə də aid olmalıdır. REAL hərəkatı olaraq hesab edirik ki, yuxarı sinif şagirdlərinin hicab taxması onları təhsil hüququndan məhrum etməməlidir.”
Xəyal Şükür, faktxeber.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın