Menu
Geri İrəli

Qürbətdə yaşayan sumqayıtlı xanım: “Belçikada qocalmağı arzulayıram…”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2015 • Baxış sayı: 1,298 dəfə • Şərh yoxdur
Share Button
319a4ddb4f03 Soydaşımız bu ölkənin ən qəribə, ən maraqlı cəhətlərindən danışır

Amma və lakin xarici ölkəni bir azərbaycanlı mühacirin dilindən dinləməyin özgə gözəlliyi var. O ölkənin bir parçası olmuş və ya olmaq istəyən, bunu arzulayan… bir azərbaycanlının təqdimatında yaşadığı xarici ölkə. “Yeni Müsavat” oxucularına yeni bir rubrika təqdim edir: “Qürbətdəki BİZ”.

****
“Qürbətdəki BİZ”in bu həftəki qonağı  Belçikada yaşayan Nahilə Hüseynovadır. “2012-ci ilin 26 sentyabrından Belçikadayam. Günlər tez keçdi, amma bu müddət ərzində çox hadisələr də oldu. Biz siyasi mühacir kimi gəldik. Qərar anidən və tələsik oldu. Hətta ən yaxın insanlar da bilmirdi gedəcəyimizi. Açığı, təsadüfən Belçikaya gəlib çıxdıq. Belcika haqqında elə də məlumatım yox idi. Mən alman dilini öyrənirdim, təhsilimi Almaniyada davam etdirmək istəyirdim. Bura gəlməyi qərara alanda ilk işim vikipediyanı açıb, Belcikada dövlət dilinin hansı dil olduğunu maraqlanmaq oldu. Dövlət dillərindən birinin alman dili olduğunu görəndə sevinmişdim” deyir həmsöhbətimiz.
- Bir gənc azərbaycanlı xanımın ölkədən getməsi, yad bir yerdə yeni yaşam qurmaq qərarı… Sizinçün çətin oldu? 
- Mən tək deyildim. Keçmiş həyat yoldaşım və bətnimdə körpəm vardı onda. Bəlkə də ona görə özümü daha güclü və güvənli hiss edirdim. Bəlkə də buna görə burada yaşadıqlarıma dözə bildim… Düzü, bu şərtlər daxilində, yəni mühacir olaraq gəlməyi düşünmürdüm. Planlarım başqa idi. Mən yola çıxanda hər şeyi gözə almışdım. Çətin olacağını bilirdim. Amma bu qədərini ağlıma gətirməmişdim. Belçika həyatının ən çətin anları düşərgələrdə idi. 26 sentyabrda əlimizə bir ünvan verib, bizi yola saldılar. Bizə yalnız vağzalın yerini göstərdilər. Qısası, dedikləri ünvana çatdıq. Dəmir hasarlı yer idi. İçində xeyli yan-yana vaqonlar. Amma bizi gülərüz qarşıladılar. Qayda-qanunu anlatdılar. Bir müddət orda qalacaqdıq. Qara böyük paketlerdə yatacaq, diş fırçası, pastası və bir neçə vacib əşyaları verdilər. Otağımız, digər vaqonlarda isə hamam-ayaqyolu idi. Təxminən 15-20 metr kənarda idi. Vaqona girəndə içəri adamla dolu idi. Otaq qonşularımızın dostları yığışmışdı. Bizi görüb, “xoş gəldin” dedilər. Tanış olduq ki, bu kiçik vaqonda 2 ailə yaşamalıyıq. Qonşu izah elədi ki, otağa ortadan pərdə çəkməliyik. Belçika həyatımı ağlamaqla başladım. Təsəvvür eləyə bilmirdim ki, orda necə yaşaya bilərik. Otaqda əl yumağa kran belə yox idi. Yeməyi xüsusi saatlarda, düşərgənin restoranında yeyirdik. Çayı da otaqda qaynatmağa icazə yox idi. 1,5 ay orda yaşadıq. Depressiyaya düşməmişdim, başımı toxumaqla qatırdım. Otaq yoldaşım çox gözəl xanım idi. Litviyalı idi, söhbətimiz tuturdu, ona da toxumaq öyrətmişdim. Həftədə 2 dəfə dil dərsləri keçirdilər.
  - Sona qədər orda qaldız? 
- Yox, bir gün xəbər gəldi ki, bu gün düşərgəmizi dəyişirlər. O günü, o həyəcanı heç vaxt unutmaram. Bilmirdik sevinək, ya kədərlənək. Başqa düşərgəyə getməliydik. Ünvanı aldıq, 3 saatlıq yol idi. Heç bir məlumatımız yox idi ki, bu düşərgəmiz necə olacaq. Hansı şərtlərlə yaşamalıyıq. Sadəcə onu bildik ki, Valoniyaya gedirik – fransiz dilli tərəfə. Yeni düşərgəmizə də çatdıq. Gecə bizi ac-susuz qarşıladılar. Meşəliklə 8 dəqiqə gəldik. Köhnə hospital binası idi. Bu dəfə ayrıca otaq idi. Yemək yenə həmin qaydada idi. Bizə dəmir qablar, plastik stəkan vermişdilər. O dəmir qablara nifrət eləyirdim. Yeməkləri normal idi. Amma mən doymurdum. (gülür) Çörəyi çox yeyirdim ki, doyum.
 60f6e88ab4de
Otaqda bişirməyə icazə yox idi. Mən qaynanmış yumurtaya da həsrət idim. Bəlkə də hamiləliyimlə bağlı idi ki, ancaq yemək fikirləşirdim. Çətin idi, çünki 6-7 ay ev yeməyi görməmək dəhşət idi. Düşərgədə hər cür adam var idi. Tez-tez dava olurdu. Demək olar ki, heç kimlə ünsiyət qurmurdum. Qızım doğuldu, xəstəxanadan çıxmaq istəmirdim. Qanunlara görə, bizə ev verilməliydi. Amma ləngiyirdi. Qızımla ora dönməyim mənimçün faciə idi. Qızıma ancaq bəzi paltarlar almışdıq, anam göndərmişdi. Çarə yox idi, ora qayıtdıq və qızımla 1 aya yaxın orda yaşadıq. Nəhayət ki, bizi evə çıxardılar. O evdə 4 ay yaşadıq. Ev köhnə ev idi, problemləri üzə çıxdı, digər evə köçdük. 2014-cü ilin oktyabr ayına kimi 5 ünvan dəyişmişdik.

Nahilə Hüseynova: “Burdakı ilk günlər qaynanmış yumurtaya da həsrət idim”

- Belçika, belçikalılar sizi nəylə təəccübləndirdi?
- Düşünmürdüm ki, burda məni nə isə təəccübləndirə bilər. (gülür) Amma hündür dabanlı ayaqqabı və klassik paltarla velosiped sürən qadını görəndə təəccüblənmişdim. Əslində təəccüblənməli deyildim. Çünki həmin qadın üçün velosiped idman növü deyildi həmin an, nəqliyyat vasitəsi idi. Artıq təəccüblənmirəm.
Amma ikinci il təəccübləndiyim şey itlər üçün uşaq arabasından heç də seçilməyən arabaların olması idi. Avtobusa minirəm, elə bilirəm ki, arabanın içində uşaq var. Bir də görürəm ki, it…
 
- Tanıdığınız Belçika, belçikalılar barədə danışa bilərsiz? Oxucularımıza yaşadığınız ölkəni, qonşularınızı anladın mümkünsə… Necə ölkədir, insanları necədir? 
 
 - Belçikalı tanışım, dostum çox deyil. Amma həmişə deyirəm ki, mənim qarşıma pis belçikalı çıxmayıb. Təqaüdçüləri xüsusən mehriban, əliaçıq, əltutandırlar. İmkanları daxilində kömək etməyə çalışırlar. Yaşlı nəsillə cavan nəsil arasında xeyli fərq var. Cavanların həyatı xeyli çətindir. Boş vaxtları yoxdu. Oxumaq, işləmək, həyatları həmişə streslidir. Qonşularla çox ünsiyyət olmur əsasən. Amma mən üzbəüz gələndə salamlaşıram. Gülərüz və səmimi münasibətə çalışıram. 5 qonşum var, ikisini tanıyıram, digər qonşuların üzünü görməmişəm. Belçikanı və belçikalıları sevirəm. Düşünürəm ki, başqa ölkəyə heç vaxt köçmərəm.
İşləri, karyeraları onlar üçün çox vacibdi.Həftə içləri uşaqlar məktəbdə, valideynlər işdə olur. Kafelər, restoranlar boş olur. Küçələrdə heç kim olmur. Həftə sonları isə parklar, kafelər dolu olur. Günəşli hava onları xoşbəxt edir. Belə havalarda mütləq çöldə oturmalı, içməlidilər.
Burada qoca cütlüklərə baxanda paxıllığım tutur. Sözün yaxşı mənasında. Çox mehriban, xoşbəxt görünürlər. Statistikaya görə də ən xoşbəxt təbəqə təqaüdçülərdir. Həmişə əl-ələ tutub, gəzən görürsən onları, gülərüz olurlar. Qısası, bu ölkədə qocalmağı arzulayıram. Amma tək qocalmağı yox.
 
- Yəni, bildiyimiz, haqqında eşitdiyimiz avropalı soyuqluğunu hiss etmirsiz orda… 
- Bizə nisbətən valideynlərlə uşaqlar soyuq görünürlər. Əslində isə onların sadəcə vaxtı yoxdur. Heç kim işsiz evdə oturmur ki, qoca ana-atasının yanında vaxt keçirsin. Maddi kömək edə bilirlər. Bəzən ayda 2 dəfə həftə sonları valideynlərinin evinə yığışırlar. Bu say ailədən ailəyə dəyişir. Bəziləri daha sıx-sıx görüşə bilərlər. Yaşlı valideynlər əsasən özləri özlərini idarə edir. Çoxları uzun ömürlüdür. 75-80 yaşlarında da çölə çıxıb, harasa gedə bilirlər, bəzən gəzmək üçün xüsusi arabalardan istifadə edirlər. Amma bu arabalar onların yaşamağına mane olmur. Nəqliyyatdan rahat istifadə edə bilirlər.
- Belçikalıların ilginc adət-ənənələri nələrdi? Məsələn, sizi ən çox təəccübləndirən adətləri hansılardır?

“İndi heç kimi belə cümlələrlə təəccübləndirmək olmaz : “Filan xarici ölkədə küçələri şampunla yuyurlar, itlər üçün gözəllik salonları var…” Çünki dünyanın o biri ucu bir kompüter düyməsi qədər yaxındır bizə. Hər şey barədə anında, detallı bilgi əldə etmək isə su içimi qədər asan…”

- Belçikalıların mənimçün maraqlı adəti bu olmuşdu: uşaq  doğulmamışdan əvvəl xüsusi kartlar hazırlanır. Uşaq doğulan kimi doğum tarixi həmin kartlara əlavə edilib, 2 gün ərzində bütün dostlara göndərilir. Kart xüsusi kartdı. Valideynlər  öncədən uşaq mağazalarına gedir, ehtiyacları olan əşyaların siyahısını yazır və bu siyahı həmin mağazada qalır. Kartda isə həmin mağazanın adı yazılır. Dostlar hədiyyə almaq istəyirsə, həmin mağazaya gedir, valideynlərin adına olan siyahıdan hədiyyə seçib alırlar. Amma hədiyyə kimi pul göndərmək istəyənlər isə bu karta göndərirlər. Bu adət məni təəccübləndirmişdi.
- Belçikalılarla azərbaycanlıların ortaq cəhətləri nədir? Və ya bu iki milləti bir-birindən fərqləndirən detallar…
- Belçikalıları yavaş-yavaş tanıyıram deyə çox xasiyyətləri ilə tanış deyiləm. Amma söhbət əsnasında öyrəndiklərim də var ki, bizim mentalitetə oxşadıram. Məsələn, belçikalılar da bizim kimi vətəndaş nikahını bəyənmirlər. Valideynlər qanuni evliliyi daha üstün tuturlar. Belçikalılarda da belə söhbət var: əgər kimsə eyni kənddəndirsə, ondan “kimin oğlusan”, “kimin qızısan” soruşa bilərlər. Əgər tutaq ki, oğlanın atası yaxşı adam olmayıbsa, həmin oğlana da yaxşı deməzlər. Filankəsin oğludu… deyib keçirlər. Belə şeylər eşidəndə özümə təsəlli verirəm ki, biz tək deyilik bu məsələlərdə.
Belçikalılar özlərinə materialist deyir. Hamısı şəxsi ev almaq istəyir. Pulu çox düşündüklərini deyirlər.
- Ümumən necədir münasibət emiqrantlara? 
 - Mənim ağrılı mövzumdur. Düzdü, özümə qarşı pis münasibət və aqressiya görməmişəm. Amma mən təzə-təzə immiqrantların özlərini aparmalarına çox əsəbiləşirdim. Avtobusda bərkdən danışan afrikalılara, küçəni zibilləyən ərəblərə baxırdım. Bir də dönüb belçikalılara baxırdım. Belçikalılarda bir aqressiya görmür və düşünürdüm ki, yəqin, mən  bunları anlamıram. Əslində onlar da narahatdılar, gələcəkləri üçün qorxurlar. Bu gedişlə 50 ilə vəziyyət necə dəyişəcək deyə fikirləşirlər. Daha çox maddi tərəflərini düşünürlər. Bu qədər immiqranta ayrılan pullar özlərinə ayrılsa yaxşı olmazmı? Belçikalılar düşünür ki, Belçikaya daha çox axın var.
- Tələbəlik həyatı necədir Belçikada?
- Universitetdəki ab-hava çox fərqlidir. Tələbələrin məsuliyyəti tam başqadır. Kitabxanalarda bəzən oturmağa yer tapmırsan. Tələbələr universitetə daha rahat geyimdə, əsasən make-upsız gəlir. Hamının çiynində ryuqzaq, ya da böyük çanta. Öz tələbəlik illərimlə müqayisə edirəm. Yadıma düşür oğlanların əllərində 2 dəftərlə, qızların isə balaca çantalarla universitetə gəlmələri. Burdakı tələbələri görəndə anlayırsan ki, onlar universitetə oxumağa gəlirlər.
 
- Özünüzü Belçikaya tam inteqrasiya olunmuş hesab edirsizmi?
-  Buna calışıram. Amma hələ ki, həyatım belçikalılar kimi məşğul deyil. Bunlar bir həftə sonra üçün plan qururlar, saatını yazırlar. Amma mən ən yaxşı halda bir gün əvvəli planlaşdıra bilirəm. Əlbəttə, xüsusi görüşləri çıxmaq şərtilə. Məsələn, həkimlə görüşüm varsa, bunu normaldakı kimi əvvəlcədən təyin edirik. Mən çalışıram ki, öz gözəl xüsusiyyətlərimizi belçikalılara göstərim və onlardan da pisləri yox, yaxşıları seçib həyatıma qatım. Qonaqpərvərliyimizi göstərməyə çalışıram və onlar da bunu çox gözəl qarşılayırlar. Məsələn, ustaya bir stəkan çay, su təklif edirsən. Geri qaytarmır, içir və canına dua edir. (gülür) Qısası, çalışıram ki, özümüzdən olan yaxşıları onlara öyrədim, onlardan da yaxşı xüsusiyyətlər götürüm. Belçikalılara oxşamaq istəyirəm deyib, onların lazımsız xüsusiyyətlərini həyatıma qatmıram.
 
Sevinc TELMANQIZI, musavat.com
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın