Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin tələbələri Türkiyədə istehsalat təcrübəsi keçib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2013 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universiteti (SDU), “Azərikimya” İstehsalat Birliyi və Petkim Petrokimya Holdinq A.Ş. tərəfindən imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna müvafiq olaraq, universitetin kimya və biologiya fakültəsinin bir qrup tələbəsi avqustun 12-dən sentyabrın 6-dək Türkiyənin İzmir şəhərində, Petkim Petrokimya Holdinq A.Ş.-də istehsalat təcrübəsi keçmişdir.
SDU-nun mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, dünyanın ən müasir kimya müəssisələrindən biri olan Petkim Petrokimya Holdinq A.Ş. etilen, propilen, etilen oksid, aşağı və yuxarı təzyiqli polietilen, polipropilen, benzol, molekulyar xlor və digər məhsullar istehsal edən 16 əsas və 7 yardımçı fabrikə malikdir. Petkimdə təşkil olunan istehsalat təcrübəsi tələbələrin həm universitetdə aldıqları nəzəri biliklərin təcrübə yolu ilə möhkəmləndirilməsi, həm də müasir qloballaşma dövrünə uyğun dünyagörüşünün formalaşması baxımından əhəmiyyətli olmuşdur.
Məlumatda bildirilir ki, yüksək səviyyədə təşkil olunmuş istehsalat təcrübəsi zamanı türkiyəli mütəxəssislər İnsan qaynaqları və Petkim Akademiyasında tələbələrə holdinq, onun strukturu, fabrikləri, istehsal edilən məhsullar, təhlükəsizlik tədbirləri və iş rejimi barədə ətraflı məlumatlar vermişlər. Sonrakı günlərdə tələbələr təcrübələrini ixtisasları üzrə holdinqin ayrı-ayrı fabriklərində davam etdirmişlər.
Belə ki, ekologiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr içməli suyun, həmçinin tullantı sularının fiziki, kimyəvi və bakterioloji üsullarla təmizlənməsi, mərkəzi laboratoriyada xammal və məhsulların analizi prosesləri ilə tanış olmuşlar.
Kimya mühəndisliyi və kimya ixtisasları üzrə təhsil alan tələbələr müxtəlif kimyəvi məhsulların istehsalı proseslərini, eləcə də xammal və məhsulların keyfiyyətinə analitik nəzarətin həyata keçirilməsi prosesini izləmişlər. Kimya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr isə bütün təcrübə müddətini mərkəzi laboratoriyada keçirmiş və burada xammal və məhsulların necə analiz edildiyini öyrənmişlər.
Təcrübə müddətində tələbələrin holdinq rəhbərliyində çalışan azərbaycanlı mütəxəssislərlə yaddaqalan və faydalı görüşləri keçirilmişdir.
Tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi də diqqətdən yayınmamışdır. Onlar üçün Türkiyənin görməli və tarixi guşələrinə, həmçinin istirahət məkanlarına səyahət və gəzintilər təşkil olunmuşdur.
İstehsalat təcrübəsinin son günündə Petkim Akademiyasında keçirilən yığıncaqda tələbələrə müvafiq sertifikat və hədiyyələr təqdim edilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın