Menu
Geri İrəli

Sumqayıt sahillərində çimmək olarmı?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2010 • Baxış sayı: 288 dəfə • Şərh yoxdur
Share Button

xezerÇimərlik mövsümünün başlanmasına sayılı günlər qalıb. İyunun birinci həftəsi çimərlik mövsümünün başlanması ilə əlamətdar olur. Gəl ki, biz sumqayıtlılar üçün Xəzər sahili son illərin yalnız gəzinti məkanına çevrilib. Məsələ burasındadır ki, Xəzərin Sumqayıt sahili uzun bir dövr ərzində həddindən artıq çirklənməyə məruz qalıb və hazırda bu ərazi çimərlik kimi istifadə olunacaq durumda deyil. Doğrudur, hökumət, əlaqədar strukturlar mövcud problemin aradan qaldırılması, məsələn dənizə axıdılan çirkab suların təmizlənərək axıdılması üçün təmizləyici qurğuları istismara versə də birincisi, hələ bu qurğular tam gücü ilə işləmir, ikincisi isə bu dövrə qədər Xəzərin Sumqayıt sahili artıq yetərincə çirklənib. Həm ayrı-ayrı sənaye – xüsuilə kimya müəssisələrindən axıdılan maddələrlə, həm də kanalizasiya suları ilə. Odur ki, ötən ilə qədər Xəzərin Sumqayıt sahillərində çimmək rəsmən qadağan olunmuşdu.

Hər halda, bu il vəziyyətin necə olması ilə bağlı əlaqədar strukturlar tərəfindən araşdırmalar, müayinələr aparılır.

Gigiyena və Epidemiologiya Mərkəzinin Abşeron yarımadasında yerləşən çimərliklərdə suyun keyfiyyəti ilə bağlı apardığı monitorinqlər gələn ayın 15-nə qədər başa çatacaq.

Bu barədə mərkəzin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib. O bildirib ki, monitorinqdə Abşeron yarımadasındakı çimərliklər tam əhatə olunmalıdır. “Burada məqsəd həm çimərliklərin sanitar-texniki vəziyyətini müəyyənləşdirmək, həm də dəniz suyunun laboratoriyalarda müayinəsi üçün nümunələr götürməkdədir. Biz bu işlərə Qaradağ rayonundan başlamışıq. Artıq Suraxanı, Xəzər, Binəqədi, Sabunçu rayonlarının ərazilərindəki çimərliklərdən nümunələr götürürük və oranı öyrəniriik. Təkrar nümunələr götürüldükdən sonra artıq biz ictimaiyyətə məlumat verəcəyik ki, vəziyyət nə yerdədir. Eyni zamanda Sumqayıt şəhərinin ərazisində yerləşən çimərliklərlə bağlı da bu tədbirlər aparılır. Monitorinqin nə vaxta yekunlaşacağı bizdən asılı olan məsələ deyil. Bu, əsasən havanın küləkli keçməməsindən asılıdır. Gərək normal şarait olsun ki, biz monitorinqləri tez yekunlaşdıraq. Amma deyim ki, adətən belə monitorinqləri biz iyun ayının 15-nə qədər yekunlaşdırırıq. Çimərlik sezonu da bundan sonra açılır”.

Sumqayıt şəhər Gigeyena və Epidemiologiya Mərkəzindən də Xəzərin Sumqayıt sahillərində monitorinqlər aparıldığını təsdiq ediblər. Mərkəzin Sanitar-gigeyena şöbəsinin müdiri Akif Bayramov “168 saat”a bildirib ki, çimərlik mövsümü adətən iyunun 5-dən başlanır, ancaq bu, daha çox havanın necə olmasından da asılı olur: “Hazırda Sumqayıt sahillərində monitorinqlər davam edir, nəticələr bu günlərdə tam olaraq məlum olacaq”. Ötən ilə qədər bu ərazinin çimərlik kimi istifadəsinin qadağan olduğunu xatırladan A.Bayramovun qənaətincə, bu il də vəziyyət, çox güman ki, ötən ilki kimi olacaq: “Hesab edirəm ki, bu ərazidə vəziyyət çox dəyişməyib və yəqin ki, ötən ilki qərar qüvvədə saxlanılacaq”.

Beləliklə, əziz həmşəhərlilər, bu qızmar yay günlərində də dəniz dalğalarına baş vurmaq üçün Novxanı və Bakı çimərliklərinə üz tutmalı olacağıq.

Vüsal, 168 saat

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın