Menu
Geri İrəli

Sumqayıtda II ixtisas qrupu üzrə neçə nəfər imtahan verəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2013 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan 11 şəhərdə – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada ümumilikdə 42 binada keçiriləcək.

İmtahanların idarə olunması üçün 174 imtahan rəhbəri və 1869 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.

TQDK sədrinin sözlərinə görə, 2013-cü ildə II qrup üzrə 23052  abituriyent ərizə təqdim edib. Onlardan 20544 nəfəri Azərbaycan bölməsinin, 2508 nəfəri isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 14566 nəfərini oğlanlar, 8486 nəfərini isə qızlar təşkil edir. 14265 nəfər orta ümumtəhsil məktəblərinin builki, 7388 nəfər isə əvvəlki illərin məzunudur.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 123 abituriyent  xarici ölkələrin vətəndaşıdır.

97 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali  təhsil almaq arzusundadır. 1302 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1956, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür.

Bakı şəhərində 10395, Naxçıvanda 980, Gəncədə 2819, Sumqayıtda 1358, Mingəçevirdə 1042, Şəkidə 1459, Ağcabədidə 751, Göyçayda 1078, Şirvanda 880, Lənkəranda 1447, Qubada isə 843 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

II ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 28-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana 2 sənəd gətirməlidirlər:

-  şəxsiyyəti təsdiq edən sənədin əslini

- “İmtahana buraxılış vərəqəsi”ni;

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın Facebook səhifəsində (facebook.com\eTQDK) yerləşdiriləcək.

II ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər.

M. Abbaszadə bildirib ki, bütün qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 18-dən 22-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın