Menu
Geri İrəli

Sumqayıtın neft-kimya potensialının gücləndirilməsində Heydər Əliyevin rolu – MUXTAR BABAYEV YAZIR

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2015 • Baxış sayı: 645 dəfə • Şərh yoxdur

Muxtar_Babayev“Kimya 70″ silsiləsindən

Sumqayıtın neft-kimya potensialının gücləndirilməsində Heydər Əliyevin misilsiz xidmətləri bu gün də ölkə kimyasının uğurlarının etibarlı təminatıdır.

Özünün minilliklər tarixini daim yaddaşlarda yaşadan xalqımız hər zaman onu da minnətdarlıq xatırlayır və haqlı olaraq hesab edir ki, 1969-ci ildən başlayaraq ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında bütünlüklə yeni bir dövr – sürətli inkişaf, intibah (renessans) dövrü başlamışdı.

Azərbaycan iqtisadiyyatının mühüm dayaqlarından biri olan Sumqayıtın kimya sənayesinin 70 illik yubileyi ərəfəsində xatırlamaq xoşdur ki, məhz həmin ildə – indi unudulmaz bir tarixə çevrilmiş 1969-ci ildə Azərbaycan hakimiyyətinə gəlmiş Heydər Əliyev respublika rəhbəri kimi fəaliyyətinin elə ilk günlərindən başlayaraq, bütün səy və bacarığını, dərin zəkasını özünün başlıca amalına – ölkəmizin paralel olaraq bütün sahələrdə hərtərəfli və sürətli inkişafına, doğma xalqının həyat səviyyəsinin durmadan yüksəlməsinə, firavanlığına yönəltmişdi. Onun müdrik rəhbərliyi, fenomenal liderlik xücusiyyətləri, fövqəladə təşkilatçılıq bacarığı, gərgin və yorulmaz əməyi, ilk öncə isə – bütün bunları doğuran böyük Azərbaycan sevgisi, Vətən və xalq məhəbbəti sayəsində respublikamız qısa bir zamanda geniş və sürətli, dinamik inkişaf yoluna qədəm qoymuş-du.
Heydər Əliyevin ötən əsrin 70-сi illərindən etibarən Azərbayсanı düçar olduğu iqtisadi çətinliklərdən, geriliklərdən qurtarmaq əzmi ilə həyata keçirdiyi geniş miqyaslı tədbirlər və keçmiş Sovet sistemi üçün ilk vaxtlar gözlənilməz, qeyri-adi görünən, standart «çərçivə»lərə sığmayan ideyaları, vətənpərvərlik təşəbbüsləri sayəsində respublikamız inamla irəli getməyə, tərəqqi etməyə başlamışdı.
Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ilk dövrü olan 1969-83-сi illərdə sənayenin və kənd təsərrüfatının bütün sahələri sürətlə inkişaf edir, elm və mədəniyyət sahəsində böyük uğurlar qazanılır, respublikanın ictimai-siyasi iqlimi və xalqın yaşayış tərzi, həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı. Bütün bunlara isə Ulu öndər ilk növbədə əmək adamına, tutduğu mövqedən asılı olmayaraq hər bir həmvətənini nəzərə alan diqqət və qayğısı sayəsində nail olurdu. Çünki o, xalqının böyük və qayğıkeş rəhbəri kimi bütün əməli fəaliyyətində ilk növbədə insan amilini ön plana çəkərək, hər şeyin insana xidmət etməli olduğunu əsas məqsəd, başlıca məram hesab edirdi.
O dövrün qabaqcıl elm və texnologiyalarına əsaslanan yeni sənaye müəssisələrinin, iri elektrik stansiyalarının qurulması, yüksək məhsuldarlıqlı və daha səmərəli texnoloji qurğuların yaradılması və s. – bütün bunlar hamısı Heydər Əliyev tərəfindən yalnız bir məqsədə – respublikanın iqtisadi potensialının güсlənməsinə, xalqın rifahının daha da yaxşılaşmasına yönəldilmişdi.
Və bu heç zaman danılmayacaq bir həqiqətdir ki, Azərbayсanda neft-kimya sənaye-sinin müxtəlif inkişaf mərhələlərində mühüm, həlledici hökumət qərarlarının hamısı məhz Heydər Əliyevin ideyası olaraq müəyyənləşdirilmiş və reallaşdırılaraq respublikanın iqtisadi potensialının artırılmasında müstəsna rol oynamışdır. Müxtəlif təyinatlı, həm də geniş çeşiddə və həсmdə məhsul buraxılışını təmin edən neft-kimya sənayesinin inkişafında dahi rəhbərin rolu məhz bu baxımdan xüsusilə əhəmiyyətli və nəhayətsiz dərəсədə böyükdür. Qətiyyətlə demək olar ki, Azərbayсanın neft-kimya sənayesi ötən əsrin 70-ci illərindən başlayaraq nəyə nail olmuşdursa və bu gün nələrə qadirdirsə, bütün bunlar Ulu öndərin Azərbayсan iqtisadiyyatının mühüm və vaсib strateji sahələrindən olan neft-kimya sənayesinin inkişafına göstərdiyi diqqət və qayğının real nətiсəsidir.
Bütün sumqayıtlılar kimi kimyaçılarımız da respublika rəhbəri Heydər Əlıyevin o uzaq 1969-cu ildən başlayan diqqət və qayğısını daim hiss etmişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında, onun sənaye sahələrinin və infrastrukturunın formalaşmasında və potensialının artırılmasında Ulu öndərin müstəsna xidmətləri olmuşdur.
Vaxtilə dahi rəhbərimiz kimyaçılarımız haqqında demişdi: «Mən Azərbayсanda kimya sənayesinin inkişafına xidmət etmiş adamların əməyini yüksək qiymətləndirirəm». Bu, ölkə kimyaçılarının əməyinə dahi rəhbər tərəfindən verilən böyük bir qiymətdir. Anсaq bu gün öz növbəsində kimyaçılarımız da Heydər Əliyevin kimya sənayesinin inkişafında misilsiz xidmətlərini dərin ehtiram və minnətdarlıq hissi ilə xatırlayırlar.
Ulu öndərin respublikamıza rəhbərliyinin ilk illərindən etibarən sənayeinin strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirməsinin, şəxsi təşəbbüs və gərgin səylərinin nətiсəsi olaraq ötən əsrin 70-80-сi illərində Azərbayсan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən yeni neft-kimya müəssisələrinin yaradılması, o dövrün yüksək standatlarına uyğun yeni texnoloji qurğuların inşası, eyni zamanda mövсud istehsalatların rekonstruksiyası, yeniləşdirilməsi, istehsal güсlərinin artırılması işləri geniş vüsət almışdı.
10245530_978920112131255_828459106894860664_n   Heydər Əliyevin rəhbərliyi altında işləyən yaşlı nəslin nümayəndələrinin xatirələrindən aydın olur ki, həmin illərdə Ulu öndər Azərbayсanın neft-kimya sənayesinin yenidən əsaslı qurulması məsələsini hər zaman diqqətdə saxlayaraq, onun konkret tədbirlər müəyyənləşdirməklə ardıcıl olaraq, mərhələlərlə reallaşmasına qətiyyətlə nail olur, hətta yeni müəssisələrin texniki-iqtisadi əsaslandırılması, layihələndirilməsi, tikinti sənayesinin maddi-texniki bazasının yaradılması, obyektlərin tikilib istismara verilməsi və s. kimi işlərə də şəxsən nəzarət edirdi.
O zaman respublika rəhbəri kimi Heydər Əliyevin Sovetlər İttifaqında böyük nüfuza malik olması, mövqe prinsipiallığı, yeni inşa olunan neft-kimya obyektlərinin vaxtında tikilib istismara verilməsi üçün yüksək rəhbər məsuliyyəti, işlərə gündəlik nəzarəti və köməyi sayə¬sində yeni neft-kimya müəssisələrinin tikintisi, mövcud olanların, lakin dövrün tələblərinə uyğun olmayanların yenidən qurulması uğurla həyata keçirilirdi.
70-ci illərin əvvəllərində əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə Zaqafqaziyada ilk dəfə olaraq Sumqayıt Məişət kimyası zavodu yaradıldı, Superfosfat zavodunda yüksək texnologiya əsasında inşa edilərək dənəvər superfosfat gübrəsi istehsalatı işə salındı. 1970-73-cü illərdə “Üzvi sintez“ zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı, 1974-cü ildə Sintetik kauçuk zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücü xeyli artırıldı.
Bütün bunların nəticəsi olaraq qısa bir dövr ərzində o zaman bütün SSRİ-də və “sosializm düşərgələri” ölkələrində tələbatın çox yüksək olduğu kauçuk və sulfanolun, plastik kütlələrin, sintetik qətranın və mineral gübrələrin istehsalı 90 faiz, məişət kimyası mallarının buraxılışı 2, sulfat turşusunun istehsal həсmi isə 3 dəfə artmışdı.
1974-cü ildə Sumqayıtın yaradılmasının 25 illik yubiley tədbirində çıxış edən Heydər Əliyev kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyərək, qarşıda duran vəzifələrlə bağlı kimyaçılara gələcək üçün fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini də vermişdi.
Ancaq Ulu öndər xalqını ürəkdən sevən elə böyük bir şəxsiyyət, elə bir dövlət rəhbəri idi ki, o, hansısa direktiv göstərişlər verib, heç zaman kənarda dayanaraq seyrçi mövqeyi tutmaqla kifayətlənə bilməzdi. O, kimyaçılara verdiyi göstəriş və tapşırıqların, tövsiyələrinin daha tez reallaşması üçün ilk növbədə özü “qollarını çırmalayıb” işə başlayır, konkret fəaliyyətə keçirdi. O, SSRİ rəhbərliyini də vaxtaşırı “narahat” edərək, yalnız özünə məxsus bir qətiyyət və iradə ilə Kremldə kök salmış bürokratik əngəlləri cəsarətlə aradan qaldıraraq, kimya sənayesinin, həmçinin respublikamızın digər sahələrinin problremlərinin aradan qaldırılmasına, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün İttifaq miqyasında mühüm dövlət qərarlarının qəbul edilməsinə, nəzərdə tutulmuş irimiqyaslı layihələrin həyata keçirilməsi üçün SSRİ büdcəsindən respublikamıza külli miqdarda vəsaitin ayrılmasına nail olurdu.
O dövrdə – hələ 1975-76-cı illərdə Heydər Əliyev Sumqayıtın neft-kimya kompleksi üçün ən yeni texnologiyalar əsasında yaradılmış, Almaniya və Cexoslovakiya istehsalı olan EP-300 qurğusunun – layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin nadir kompleksin əldə edilməsi üçün dəfələrlə Moskvaya müraciət etmiş-di. Dahi rəhbər özünəməxsus uzaqgörənliklə həmin kompleksin respublikamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti və perspektivi olduğunu yaxşı bilirdi. Lakin Kreml rəhbərləri həmin nadir kompleksin xaricdən alınması üçün külli miqdarda vəsait tələb edildiyini, buna isə guya SSRİ-nin imkanı olmadığını əsas gətirərək, Azərbaycanın müraciəti ilə bağlı heç bir tədbir görmürdü.
Belə olduqda, hər zaman vəziyyəti düzgün qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi məharətlə bacaran Heydər Əliyev respublikamızın neft-kimya sənayesinin yeni inkişaf mərhələsinə qaldırılması, bu sahənin ixrac məhsullarının daha yüksək keyfiyyətinə nail olmaq məqsədilə 70-ci illərin sonlarında SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini N.Tixonovu respublikamıza dəvət etmişdi. Onları respublikamızın sənaye sahələrində, o cümlədən neft-kimya sənayesində vəziyyətlə stol arxasında deyil, bilavasitə istehsalat sahələrində tanış edən respublika rəhbəri onları Azərbaycan sənayesinin yüksək texniki tərəqqiyə, modernləşdirməyə ehtiyacı olduğunu əyani şəkildə sübut edə bilmişdi. Kimya müəssisələri rəhbərlərinin istehsalat problem və qayğılarını yalnız nazirliklər səviyyəsində qaldırdıqlarını, lakin onların tam həll edilmədiyini, Kremlə isə birbaşa “yol tapmaq” imkanlarının olmadığını yaxşı bilən Heydər Əliyev onların Moskva rəhbərləri ilə bilavasitə öz müəsisələrində, istehsalat sahələrində görüşünə, problemlərinin diqqətli şəkildə müzakirəsinə və sonrakı həllinə nail ola bilmişdi.
Heydər Əliyevin Azərbaycana işgüzar səfərə dəvət etdiyi Kreml rəhbərləri də bunu etiraf etmək məcburiyyətində qalmışdılar. Ancaq əsas o idi ki, Sumqayıtın Sintetik Kauçuk və Kimya Kombinatında (sonradan – “Üzvi sintez” zavodu) yalnız müəssisə rəhbərləri ilə deyil, istehsalat rəisləri və sıravi fəhlələrlə görüşüb, problemlərlə yerindəcə tanış olan N.Tixonov da, A.Kuznetsov da Heydər Əliyevin öz tələblərində və inadlarında haqlı olduğunu görərək, respublikamızın neft-kimya sənayesinə diqqətin artırılmasına, Sumqayıtda yeni, daha müasir istehsalat sahələrinin yaradılmasına, mütərəqqi texnologiyaların tətbiqinə xüsusi səy göstərməli olmuşdular.
10418486_978920035464596_5519118072831954451_n

Məhz həmin görüşlərin konkret, real nəticəsi olaraq, çox keçmədən İttifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq, xaricdən böyük həcmdə valyuta ilə alınan EP-300 texnoloji kompleksinin Sumqayıtda inşasına qərar verdi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək, Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin böyük qələbəsi idi.
Sonralar həmin dövrü xatırlayan Ulu öndər kimyaçılarla görüşlərinin birində demişdi: “Xatırlayıram, Azərbaycanda EP-300 kompleksinin yaradılması üçün biz nə qədər zəhmət çəkdik, SSRİ dövlətinə nə qədər müraciətlər etdik, Azərbaycanın bunun üçün nə qədər böyük imkanları olduğunu sübut etdik. Onu SSRİ-nin başqa yertlərində qurmaq istəyənlər də var idi. O zaman Azərbaycana ikinci dərəcəli münasibət göstərilirdi. Digər tərəfdən isə o vaxt SSRi-nin kimya naziri Kostandov idi. Bilirsiniz ki, o, erməni idi və bu işə mane olurdu. Ancaq mən dəfələrlə SSRİ-nin rəhbərlərinə müraciət edib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Nikolay Tixonovu buraya dəvət etdim. Bizim mütəxəssislər ona burada izahat verdilər, sübut etdilər. Nəhayət, biz böyük çətinliklərlə EP-300 kompleksini aldıq və o, burada tikildi”.
Azəbaycanın inkişaf etməkdə olan neft sənayesi ilə yanaşı neft-kimya sahəsinin də sürətli inkişafına, dünya bazarında tələbatın çox yüksək olduğu ixrac məhsullarının həcminin artırılmasına nail olmaq üçün H.Əliyevin təkidi ilə EP-300-ün texnoloji davamı olan, ildə 120 min ton polietilen istehsalına malik Polimir-120 qurğusunun – daha bir unukal kimya kompleksinin də tezliklə alınması və istismara verilməsi respublikamızda polimer məhsulların – polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan vermişdir. SSRİ dövründə Ulu öndərin çox çətinliklər bahasına, lakin böyük müdrikliyi sayəsində əldə edilməsinə nail olduğu hər iki texnoloji kompleks onun Azərbaycan kimyasının inkişafına, kimyaçı əməyinə göstərdiyi daimi diqqət və qayğının heç zaman danılmayacaq və unudulmayacaq konkret, parlaq nümunəsidir.

***

Ulu öndər xalqımızn tələbi ilə 1993-cü ilin iyununda yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra tarixin ona etibar etdiyi mühüm missiyanı – Azərbaycanın dövlət müstəqilliyini qoruyub-saxlamağa, onun iqtisadi-siyasi dayanıqlığını, sürətli inkişafını təmin edərək, qabaqcıl ölkələr sırasına çıxarmağa, dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə, beynəlxalq miqyasda nüfuzunun artmasına nail olmaq missiyasını da inamla və şərəflə yerinə yetirmişdir.
11899814_978919975464602_7488711626188653831_n

Heydər Əliyev 1993-сü ildə ölkədə yaranmış siyasi-iqtisadi xaosu aradan qaldırdıqdan сəmi bir il sonra – 1994-сü il sentyabrın 20-də özünün dahiyanə təşəbbüsünü irəli sürərək, artıq dünyanın bir çox ölkələrinin aparıсı neft şirkətləri ilə əsrin iri miqyaslı beynəlxalq neft sazişinin – ölkəmizə xoşbəxt gələcək vəd edən «Əsrin kontraktı»nın imzalanmasına nail oldu ki, bu da Azərbayсanın qarşısında yeni və daha böyük perspektivlər açılmasına səbəb oldu. Lakin məlumdur ki, həmin beynəlxalq neft sazişinə qarşı aşıq-aşkar çıxan xarici qüvvələr də az deyildi və onlar Azərbaycanın düçar olduğu ağır siyasi-iqtisadi vəziyyətindən öz mənafeləri üçün istifadə etməyə çalışırdılar. Lakin Heydər Əliyev siyasi müdrikliyi, hər an tədbirli olması Azərbaycanı 90-cı illərinin iqtisadi sarsıntılarından məharətlə xilas etdi.
Həmin dövrdə Sumqayıtın kimya sənayesi xammal çatışmazlığı ilə yanaşı ağır enerji böhranı ilə də üzləşmişdi. Belə ki, Sumqayıtı və onun müəssisələrini elektrik və istilik enerjisi ilə təmin edən 1 və 2 nömrəli istilik-elektrik stansiyalarının avadanlıqları yarım əsrdən artıq istismarda olduqlarından həm fiziki, həm də mənəvi baxımdan köhnəlib-aşınaraq sıradan çıxmaq üzrə idi. Həm də onların istehsal etdikləri istilik və elektrik enerjisi vahidlərinə sərf olunan yanacağın faktiki həcmi də normadan xeyli artıq idi. Bu barədə məlumat alan respublika rəhbəri belə bir vəziyyətin yaxın zamanlarda katastrofik nəticələr verəcəyini bilərək, Sumqayıtın neft-kimya müəssisələri üçün müstəqil, aavtonom bir istilik-elektrik mərkəzinin yaradılması barədə qərar verdi. Bir-çox araşdırmalardan sonra bu məqsədlə Yaponiyanın nüfuzlu “Niçimen Korporeyşn” və “Çiyoda Korporeyşn” şirkətləri ilə niyyət protokolu imzalandı.
Ancaq inşa ediləcək Buxar-generator qurğusunu – BGQ-ni əldə etmək üçün nəinki kimya müəssisələri, heç bütövlükdə respublika kifayət qədər maliyyə resursuna malik deyildi. Azərbaycanın neft-kimya sənayesinin inkişafına daim diqqət və qayğı göstərən Ulu öndər bu dəfə də bu ağır yükü öz üzərinə götürərək, vəziyyətdən müdrikliklə çıxmağa nail oldu. O, ölkə kimyasının gələcək inkişafına, perspektiv yüksəlişinə mühüm əhəmiyyət verərək, həmin unikal qurğunun Azərbaycanın dövlət zamanəti ilə, faktiki olaraq özünün zəmanəti ilə inşa edilməsinə qərar və xeyir-dua verdi.
11949149_978920348797898_7191176264028782361_n

Məhz Azərbaycanın böyük nüfuza malik rəhbərinə hörmət əlaməti olaraq elmin son nailiyyətləri və yeni texnologiyalar əsasında yaradlmış həmin unikal, çox geniş həcmə malik enerji kompleksi bir il keçmədən hazırlanaraq, Sumqayıta gətirilmişdi. 1999-ci ilin soyuq bir qış günündə – martın 24-də “Sintezkauçuk” zavodunun ərazisində yapon şirkətlərinin rəhbərləri və mütəxəssisləri, kimyaçılarımızla birgə onun təntənəli təməlqoyma mərasimində iştirak edən dahi rəhbər artıq iki ildən sonra – 7 iyul 2001-ci ildə Sumqayıta gələrək, yeni enerji kompleksinin istifadəyə verilib, işə salınması münasibətilə bütün kimyaçıları ürəkdən, sevinclə təbrik etmişdi. Və bu gün kimyaçılarımız Ulu öndərə dərin hörmətlə və səmimiyyətlə etiraf edirlər ki, əgər dahi rəhbərin təşəbbüsü əsasında Buxar-generator kompleksi həmin dövrdə, vaxtında inşa edilməsəydi, Azərbaycanın neft-kimya sənayesinin enerji böhranından çıxması olduqca çətin olar, kimya müəssisələrinin fəaliyyəti şübhə altına düşərdi.
Və bu gün biz – bütün Azərbaycan kimyaçıları, ölkəmizə 34 il ərzində böyük bir müdriklik və uzaqgörənliklə rəhbərlik etmiş Heydər Əliyev kimi dahi bir şəxsiyyətin respublikamızın iqtisadiyyatının müxiəlif sahələrinə olduğu kimi, neft-kimya və kimya sənayesinin inkişafına da göstərdiyi daimi diqqət və qayğını böyük minnətdarlıq hissi ilə xatırlayırıq.
Kimyaçılarımız daim böyük qürur hissi diyurlar ki, 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra da Heydər Əliyev sumqayıtlılarla, həmçinin onlarla görüşmüş, şəhərin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlərin həyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdir. Və xüsusilə əhəmiyyətlidir ki, dahi rəhbərin təşəbbüsü və qətiyyəti sayəsində ölkəmizin neft-kimya sənayesinin inkişafı naminə inşa edilmiş EP-300, Polimir-120 və Buxar-generator kompleksləri onun biz kimyaçılara ərmağan etdiyi ən böyük və əbədi hədiyyədir.
İnanırıq və buna heç şübhə yoxdur ki, xalqımızın unudulmaz rəhbəri Heydər Əliyevin bütün varlığı ilə sevdiyi vətənimiz Azərbaycanın tərəqqisi, xoş gələcəyi naminə gördüyü genişmiqyaslı işlər, təşəbbüskarı və baş icraçısı olduğu layihələr, tədbirlər respublikanın bütün bölgələrində yaratdığı müəssisələr, istehsalat qurğuları və s. hələ uzun illər Azərbaycanı xoşbəxt yaşadacaq və xalqımızın daha firavan həyatını təmin edəcəkdir.

Muxtar Babayev,
“Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri,
Milli Məclisin deputatı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın