Menu
Geri İrəli

“Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turunun birinci mərhələsi SUMQAYITDA- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 May 2016 • Baxış sayı: 1,303 dəfə • Şərh yoxdur
Share Button

Mayın 4-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016″ veloyürüşünə start verilib. İlk yarış günü iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərinədək 154 kilometr məsafə qət ediblər.

AZƏRTAC xəbər verir ki, məsafəni hamıdan tez başa vuran Almaniyanın “Bora-Argon 18″ peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat, 34 dəqiqə, 19 saniyə göstərici ilə mərhələnin qalibi olub. ABŞ-ın “İlluminate” komandasını üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin “Nəsr Dubay” klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq 2-3-cü yerləri tutublar. Azərbaycanın “Synergy Baku” komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur – 5-ci yer.

Mərhələni qalib kimi başa vuran “Bora-Argon 18″in üzvü Fil Bauhauz bununla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini ələ keçirib. O, həm də ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR”, eyni zamanda, ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə də sahib çıxıb. Ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyini isə Malayziyanın “Terengganu” klubunun üzvü Saleh Mohd Zamri əldə edib.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr QusyatnikovSumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təqdim ediblər.

“Yürüşə yaxşı başladıq. Komandamız üzərinə düşən işi gördü. Liderimiz öhdəliyini yerinə yetirdi. Komandamızın 2 üzvü də mənə çox yardım etdi. Ümumilikdə, yarışın yaxşı keçdiyini söyləyə bilərəm”. Bu sözləri ilk mərhələnin qalibi, “Bora-Arqon 18” komandasının üzvü Fil Bauhauz deyib.

O qeyd edib ki, bu, peşəkar karyerası ərzində ilk qələbəsidir: “Bu mənim peşəkar səviyyədə ilk uğurumdur. Qalib gəlmək hər zaman xoşdur. Çalışacağam ki, bundan sonra da inamlı çıxışımı davam etdirim. Amma sabahkı gün dağ mərhələsidir. Bu isə sprinterlər üçün əlverişli deyil”.

Yarış lideri Azərbaycan haqda müsbət fikirlər də səsləndirib: “Çox gözəl ölkəniz var. Birinci dəfədir ki Azərbaycandayam. Buranı çox bəyəndim. Təşkilatçılıq yüksək səviyyədədir. Eləcə də çoxlu sayda azarkeşlərin turu izləməsi müsbət haldır”.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar saat 10:30-da Veloparkdan start götürməklə 186,5 kilometr məsafə qət edəcək və İsmayıllıda finiş xəttini keçəcəklər.

FOTOLARA BÖYÜK ÖLÇÜDƏ BAXMAQ ÜÇÜN ÜZƏRİNƏ TIKLAYIN

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın