Menu
Geri İrəli

Ucuz ətin şorbası və ya puluna minnət

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2010 • Baxış sayı: 384 dəfə • Şərh yoxdur

Tural Mətləboğlunun təqdimatında

IMG_0906-300x225Hamıya məlum olduğu kimi müstəqillik dönəmindən fərqli olaraq, Sovet dönəmində postsovet ölkələrində futbolçuların əcnəbi klublara üz tutması o qədər də dəbdə deyildi. Təbii ki, bunun da tutarlı səbəbləri var idi. Belə ki, karyerasını xaricdə davam etdirmək niyyətində olan futbolçular kommunizm ideyalarına xəyanətdə suçlana və “dəmir barmaqlıq”lar arasına salına bilərdilər. Hazırda isə bu məsələdə heç bir problem yoxdu, yəni oyunçular legoner həyatı yaşamaqda məhdudiyyətlə üzləşmir. Amma nə yazıq ki, bizim futbolçular üçün vəziyyət SSRİ dönəmindəkindən o qədər də fərqlənmir. Doğrudur, hal-hazırda bizim futbolçularımızın da xarici klublara transfer olunmasına heç bir əngəl törədilmir, gəl ki, futbolçularımız əcnəbi klublarda möhkəmlənə bilmir. Hər dəfə yeni transfer dönəmi başlayarkən ölkə xaricinə çıxan oyunçularımız “suyu süzülə-süzülə” geri qayıdır. Ölkə hüdudlarını aşan futbolçularla müqayisədə ölkəmizə üz tutan əcnəbilər yetərincə olur. Sözsüz ki, “Unibank premyer-liqası”nda forma geyən legonerlərin sayı qədər onların səviyyəsi də azarkeşləri maraqlandıran əsas məqamlardan biridir.

Artıq mövsümlərarası “transfer pəncərəsi” qapanmaq üzrədir. Şübhəsiz ki, “transfer pəncərəsi”nin açıq olduğu müddətdə bütün dünyada olduğu kimi ölkəmizdə də futbol ictimaiyyətini oyunçu keçidləri daha çox maraqlandırırdı. Əgər indiyə qədər klub rəhbərlərini oyunçuların səviyyəsindən daha çox işin maddi tərəfi düşündürürdüsə, indi maliyyə cəhətdən yüksəlişdə olan klublarımız “ucuz ətin şorbası” olmaz məntiqi ilə transfer siyasəti yürütməyə çalışır. Hazırda klublarımıza AFFA tərəfindən legioner limiti tətbiq olunmadığından ölkə klublarının heyətində həddindən çox “gəlmə”lərə rast gəlmək mümkündür. “Premyer-liqa”nın birinci dövrəsində klublarımızın heyətində 100-dən artıq əcnəbi futbolçu forma geysə də, onların arasında ayrı-ayrı vaxtlarda ölkəmizdə top qovmuş Oqtay Dərəlioğlu və Əhməd Dursun kimi səviyyəli futbolçular azlıq təşkil edir, belədə, legonerlər barəsində fikir ayrılıqlarının mövcud olmasını normal qarşılamaq olar.

Sözsüz ki, həm “Unibank premyer-liqa”sının baxımlı olması, həm də ölkə futbolunun inkişafı üçün klublarımızda yer alan əcnəbilərin səviyyəli olması vacibdir. Razılaşmaq lazımdır ki, yaxın keçmişdə hal-hazırda Almaniya millisini çalışdıran Yoahaim Löv və Rusiya yığma komandasına rəhbərlik edən Quss Hiddinkin müxtəlif vaxtlarda “Fənərbaxça”nı çalışdırmaları, eləcə də G.Hacı və G.Popesqu kimi özünü təsdiq etmiş futbolçuların “Qalatasaray”da forma geyməsi qardaş ölkənin futbolundakı inkişafı şərtləndirən əsas amillərdən biri olmuşdu. Təsadüfi deyil ki, bir müddət öncə tanınmış məşqçi Luis Felipe Skolarini və məşhur futbolçu Rivaldonu dəvət edən özbəklər eyni praktikadan istifadə edir. Bu baxımdan son vaxtlar ölkə klublarının, xüsusən də maddi cəhətdən problemi olmayan komandalarımızın ən azı keçmiş SSRİ-nin və qardaş Türkiyənin tanınmış futbolçularına maraq göstərməsini başa düşmək olar.  Razılaşmaq lazımdır ki, keçmiş SSRİ-nin tərkibində olan ölkələrdən böyük əksəriyyətində Sovet ənənələri hələ də qaldığından sözügedən ölkələrin nümayəndələrinin ölkəmizə və futbolumuza uyğunlaşması daha tez baş verər. Yəqin ki, bir vaxtlar Rusiya futbolunun aparıcı simalarından sayılan A.Tixanov və Titovun hazırda Qazaxıstan çempionatında top qovduğunu nəzərə alsaq, SSRİ məkanının tanınmış futbolçularının klublarımız üçün də əlçatmaz olmadığını demək olar. Heç şübhəsiz ki, bir qədər öncə Türkiyənin adını təsadüfən qeyd etmədik. Sirr deyil ki, qardaş ölkəylə etnik yaxınlıq futbolçu transferinə də təsirsiz ötüşməyəcək. Yəqin ki, türkiyəli futbolçuların ölkəmizə uyğunlaşmasının digər ölkə nümayəndələrinə nisbətən daha asan başa gəlməsi də sözügedən məsələlərdə klublarımıza əlavə üstünlük verir. Digər tərəfdən “Bakı” və “Qarabağ”ın rəhbərliyində türkiyəli iş adamlarının olmasını və “Xəzər-Lənkəran”nın fəxri prezidenti Mübariz Mənsimovun qardaş ölkəylə sıx əlaqələrinin mövcudluğu da bu məsələdə sözünü deyə bilər. Hazırda türkiyəli mütəxəssis Bülənt Qorxmazın Bakının eyni adlı klubunu çalışdırması, həmçinin ayrı-ayrı vaxtlarda Rasim Karanın “Xəzər-Lənkəran” və “Qarabağ”da baş məşqçi postunu tutmasından da görünür ki, klub rəhbərlərinin əlaqələri öz bəhrəsini verib və bundan sonra da həmin ilişkilərdən müsbət mənada istifadə etmək olar.

Etiraf etməliyik ki, səviyyəli oyunçu elitar təbəqənin nümayəndəsi olduğundan çıxış edəcəyi klubun yerləşdiyi bölgədə yaşayış səviyyəsinə də önəm verir. Bu baxımdan İstanbul nəhənglərində forma geyən və şəhər həyatına, müasir şəraitə uyğunlaşmış futbolçuların ölkəmizə üz tutması heç də inandırıcı görünmür. Yəqin razılaşarsınız ki, nəinki İstanbul klublarının əsas heyət oyunçuları, heç adətən ehtiyat oyunçular skamiyasında lövbər salan Emre Aşıq, İbrahim Üzülməz və Yusuf Şimşək kimi nisbətən yaşlı oyunçular belə ölkəmizdə, xüsusən də bölgələrimizi təmsil edən komandalarımızda forma geyməyə razılıq verməz. Bununla belə, nəzərə alsaq ki, istənilən futbolçu üçün legoner həyatı yaşamaq çox cəlbedici görünür və xüsusi ilə də nisbətən yaşlı futbolçular butslarını mıxdan asana qədər daha çox gəlir əldə etməyə çalışır, deməli, klublarımız həmin oyunçulara “elçi” düşə bilər.

Bəs görəsən, hansı türk oyunçuların klublarımıza transferi mümkündü və futbolumuz üçün faydalı olar?

Söz yox ki, bu baxımdan ilk ağıla gələn eks “Qalatasaray”lı forvard Ümit Karan ola bilər. Hazırda “Eskişehirspor” klubunun formasını geyən 33 yaşlı hücumçu klublarımızın hücumçu problemini həll edə biləcək gücdədir.

Klublarımızın “elçi” düşə biləcəyi forvardlar arasında Taner Gülleri, Cenk İşlər və Mustafa Özkan kimi səviyyəli hücumçuların da adını qeyd etmək olar.

Ölkə klublarının pleymeyker problemini də türkiyəli futbolçular çözə bilər.   Razılaşmaq lazımdır ki, eks “Fənərbaxça”lı Ceyhun Eriş istənilən klubumuzun “yükünü çəkməyə” qadirdir. Nəzərə alsaq ki, futbolçunun hazırkı klubu “Ankaragücü” ilə problemləri var, belədə Ceyhun Erişin iddialı klublarımızdan gələcək dəvəti qəbul edə biləcəyini düşünmək olar.

“Unibank premyer-liqası”nın iddialı klublarının türkiyəli müdafiəçilərə maraq göstərməsini də təbii qarşılamaq olar. Səviyyəli müdafiəçi “ovuna” çıxan klublarımız müdafiə xəttindəki boşluqlarını “Bursaspor”lu Əli Tandoğan, eləcə də Mehmet Polat, Əli Günəş, Tolqa Seyhan və s. kimi arxa xətt oyunçuları ilə doldura bilər.

Hər halda, istər hazırkı, istərsə də növbəti transfer dönəmlərində qardaş ölkənin futbolçularının ölkəmizə axını, klublarımızda möhkəmlənməsi  yalnız ölkə futbolunun inkişafına xidmət edəcək. Necə deyərlər, yaşayarıq, görərik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın