Menu
Geri İrəli

Ümid Partiyası Sumqayıt şəhərində toplantı keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Yanvar 2013 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

Yanvarın 13-də Ümid Partiyası Sumqayıt Şəhər Təşkilatının idarə heyətinin növbəti toplantısı keçirilib. Sumqayıt şəhərində baş tutan toplantıda Ümid Partiyası sədrinin Humanitar Məsələlər üzrə müavini Səməd Hətəmov və Gənclərlə İş üzrə müavini Ruslan İzzətli iştirak ediblər. Toplantını giriş sözü ilə açan Sumqayıt ŞT-nın sədri Elşad Rzayev şəhərin ümumi ictimai-siyasi vəziyyəti haqqında ətraflı məlumat verib. O, ötən ildə görülən işlər və cari ildə təşkilatın qarşısında duran vəzifələrlə bağlı çıxış edib. E. Rzayev vurğulayıb ki, hakimiyyət 2012-ci ildə partiya şəhər təşkilatının qərargahını bağlamaqla ümidçilərin fəaliyyətini dayandıracağını düşündü. Lakin, Sumqayıt ümidçiləri ağır şəraitin olmasına baxmayaraq fəaliyyətini dayandırmadı. Əksinə partiya sıralarına yeni insanların cəlb olunması şəhər təşkilatının daha da gücləndiyini bir daha sübut etdi.

Toplantıda çıxış edən partiya sədrinin müavini Səməd Hətəmov 2013-cü ilin xalqın taleyində çox mühüm il olduğunu qeyd elədi: “Bu il Azərbaycanda çox önəmli ildir. Qarşıdan prezident seçkiləri gəlir. Mən inanıram ki, Sumqayıt Şəhər Təşkilatı həmişə olduğu kimi bu il də prosesin önündə gedəcək. Sonda Azərbaycanda real dəyişikliyə nail olaraq Ümid hakimiyyətini qurmaqla demokratiyaya öz tövhələrini vermiş olacaqlar”.

Ümid sədrinin digər müavini Ruslan İzzətli bildirdi ki, bu il Azərbaycan xalqı ciddi seçim qarşısındadır: “Ya xalq bu hakimiyyətin fəaliyyətinə göz yumaraq avtoritar rejimdə yaşamaqda davam edəcək, ya da hakimiyyəti dəyişərək demokratiyanın bərqərar olmasına nail olacaq”.

Sonda partiya rəhbərliyi toplantı iştirakçılarının suallarını cavablandırdı. Fəaliyyətin daha səmərəli qurulması üçün mövcud çatışmazlıqlarla bağlı irad və təklifləri dinləyən müavinlər sadalanan problemlərin qısa zamanda aradan qaldıralacağını bildirdilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın