Menu
Geri İrəli

BEŞ ÜZVÜ BİR GÜNDƏ ÖLƏN AİLƏNİN TÜKÜRPƏDİCİ DRAMI

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2010 • Baxış sayı: 265 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində dəhşətli qətl hadisəsi baş verməsindən hər kəsin xəbəri var. Hadisə noyabrın 11-də gecə saat 2-də baş verib. Belə ki, şəhər sakini Elşad Rüstəmzadə atasını, arvadını və iki azyaşlı uşağını amansızlıqla qətlə yetirib, daha sonra özünü qonşuluqdakı doqquzmərtəbəli binanın damından ataraq intihar edib. Bugünlərdə “Yeni Müsavat”ın əməkdaşı qətlin baş verdiyi əraziyə yollanaraq hadisənin təfərrüatlarını öyrənib…

“Meyitləri ilk dəfə mən gördüm”

Kələ-kötür yollarla gedib ünvanı tapdım. Qatil-intiharçı Elşad Rüstəmzadə ailəsi ilə birgə 55 saylı binada 5-ci mərtəbədə yaşayırmış. Onun bacısıgil həmin binanın 1-ci, qayınanasıgil isə 3-cü mərtəbəsində yaşayır. Öncə Mehriban adlı bacısının qapısını döyüb hadisə barədə məlumat verməsini xahiş etdik. O, yalnız bunları dedi: “Meyitləri ilk dəfə mən gördüm. Atam xəstə idi. Səhər ona baş çəkməyə getmişdim. Çıxdım ki, ev qan içindədir. Qardaşımın niyə belə etdiyini bilmirəm. Ailəsi ilə çox yaxşı rəftar edirdi. Hər şeyi istintaq araşdırır. Bundan artıq bir söz deyə bilməyəcəyəm”. Mehriban xanım bunu deyib qapını bağladı.
Elşadın qətlə yetirdiyi ailə üzvlərinin adları belədir: atası 70 yaşlı Karpat Rüstəmov, həyat yoldaşı 35 yaşlı Ülviyyə, qızları – 7-ci sinif şagirdi Samirə və 1-ci sinif şagirdi Nərgiz. Elşad öz ailəsini küt alətlə qətlə yetirib, yatdıqları yerdə onların başına çəkiclə zərbələr endirib.
“Mən hamıdan sonra xəbər tutdum. Qızım həmin gün günortaya qədər bizdə olub. Kaş evinə getməyəydi. Onunla deyib-güldük. Əri ilə bağlı, yaxud da ailəsində hansısa probleminin olduğunu demədi”.
Bu sözləri Ülviyyənin anası Vəzifə xanım deyir. Onun sözlərinə görə, kürəkənini axırıncı dəfə oktyabrın 30-da görüb: “Bizə gəldi ki, təzyiqim var. Mən də təzyiqini ölçdüm. Onun astma xəstəliyi var idi. Ancaq psixi bir çatışmazlığını heç vaxt görməmişdim. Kasıb idilər. Amma zavodda işləyib ailəsini dolandırırdı. Çörəkpulunu çıxarırdı. 15 il idi ailəli idilər. Aralarında ciddi söz-söhbət də olmamışdı. Birdən-birə nə oldu – bilmirəm. Quruyub qalmışıq. Heç nə anlaya bilmirəm. Zalım adam, qızımı niyə öldürdün axı?!”
Qayınanası Elşadın sakit bir insan olduğunu deyir: “Heç bir çatışmazlığını görməmişdik. Bir binada yaşayırdıq deyə bir-birimizi tez-tez görürdük. Baldızlarından, ya da qeyri qohumlarından qızıma qarşı bir pislik görməmişdim. Qızım da dinməz, sakit bir adam idi. Hər ikisinin orta təhsili var idi. Elşad Ağdam rayonundan məcburi köçkün idi. Biz isə Beyləqan rayonundanıq. Böyük nəvəm Samirə çox diribaş qız idi. Heç olmasa biri sağ qalsaydı…”

Qonşuları şoka salan dəhşət

Qonşularla söhbət edib hadisənin detallarını öyrənirik. Yuxarıda qeyd etdiyimiz kimi, hadisə gecə saatlarında baş verib. Elşadın meyitini isə səhər saatlarında qonşu binanın bloku ağzında tapıblar. Qonşular deyir ki, polislər onun kimliyini çox çətinliklə müəyyən edə biliblər. Saat 10 radələrində isə atasına baş çəkməyə gedən Elşadın bacısı Mehriban (atası Elşadgillə qalırmış, həm də xəstə imiş) qapını açıb ki, ev al qan içindədir.
Qonşulardan biri həmin anı belə xatırlayır: “Biz gecə heç bir səs-küy eşitməmişik. Mən qapıbir qonşusuyam. İnana bilmirəm ki, bunu Elşad edib. Səs-küyə hamı dəhlizə çıxmışdı. Ancaq polislər gələndən sonra bizi evdən çıxmağa qoymadılar”.
Digər qonşusu da Elşadın ailə üzvlərini küt alətlə öldürdüyünü dedi: “Polislər deyirdi ki, atasını balta ilə kəsib. Arvad və uşaqlarının başını çəkiclə əzikləyib. Ev qan içində idi”.
Ülviyyənin nənəsi də Elşadın ailə üzvlərini yatmış vəziyyətdə ikən öldürdüyünü təsdiqlədi: “Oyaq olsaydılar, heç olmasa biri qaçıb xəbər edərdi”.
Qonşusu Atəş Musayev Elşadın mərifətli adam olduğunu deyir: “Hər gün məhəllədə salamlaşırdıq. İstirahət günləri gəlib bizimlə domino oynayardı. Uşaqlarını məktəbə, gəzməyə aparar, işə gedərdi. Ondan heç gözləmək olmazdı. Çox sakit adam idi yazıq Elşad. Sözü özündə olardı, heç kimlə işi yox idi. Çox mədəni oğlan idi. Həm zavodda fəhlə işləyirdi, həm də ev təmir edirdi. Az-çox savadı da vardı. Parlament seçkilərində məntəqədə nəzarətçi olmuşdu”.

Qatil-ittihamçı ruhi xəstə imiş?

Qonşularla söhbət zamanı onu da öyrəndik ki, Elşadın bacısı və onun əri istintaqa ifadəsində onun ruhi xəstə olduğunu deyiblər: “Hadisədən öncə də müalicə olunurmuş. Lakin ruhi dispanserdə qeydiyyatda olmayıb”.
Elşadın qayınanası Vəzifə xanım isə deyilənlərlə razı deyil: “İnanmıram ki, o, dəli olub. Dəli olduğunu niyə indiyə kimi demirdilər? Heç qızım da mənə onun hansısa bir mənfi cəhətini deməmişdi. Son vaxtlar Elşad heç siqaret də çəkmirdi. Çox içən də deyildi. Bu, möcüzə bir işdir”.
Vəzifə xanım qızının və nəvələrinin şəkillərini də bizə göstərdi: “Ancaq xahiş edirəm çəkib qəzetə verməyin. Onsuz da mənə göz dağıdır. Boğazımda qəhər donub qalıb. Bütün günü təklikdə ağlayıram”.
Ata-anası Ülviyyəni və uşaqlarını Sumqayıt qəbiristanlığında dəfn ediblər. Elşadın və atasının meyitinin isə harada dəfn olunduğunu öyrənə bilmədik. Çünki qonşular deyir ki, Ülviyyənin ailəsi onlara hüzr mərasimini həmin yerdə keçirməyə icazə verməyib. Onu da qeyd edək ki, hazırda baş vermiş hadisə ilə əlaqədar Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Günay MUSAYEVA, “Yeni Müsavat” qəzeti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın