Menu
Geri İrəli

Evimizdə enerjiyə necə qənaət edək? – Bunlara diqqət!

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2016 • Baxış sayı: 962 dəfə • Şərh yoxdur

Yaşadığımız binalarda, evimizdə, məişətimizdə enerjidən düzgün və qənaətlə istifadə etməklə pulumuza qənaət edə bilərik.

isiq-qazBinalarda enerjiyə qənaət etmək üçün iki məqama diqqət etmək lazımdır.

Yaşayış məskənləri salan şirkətlər, ilk növbədə enerjiyə qənaətcil binaların inşasına üstünlük verməlidirlər. Binaların örtüyü, damı  istiyə-soyuğa davamlı olmalı, onları normadan artıq və ya əskik içəri-çölə buraxmamalıdır. Belə olduqda az enerji sərf etməklə qışda-yayda evlərdə  normal otaq temperaturunu təmin etmək olur. Binaların arasında iri yarpaqlı ağacların əkilməsi enerjiyə qənaət, həm də ekoloji təmizlik baxımından çox əhəmiyyətlidir. Ağaclar yarpaqları ilə yayda günəş şüasının qarşısını almaqla kölgə yardır və sərinlik bəxş edir, qışda isə yarpaqlarını tökərək günəş şüasını binaların pəncərələrindən içəri buraxmaqla istilik və işıqlıq verir. Şimal tərəfdən qalın iynəyarpaqlı ağacların sıx əkilməsi binaları soyuq küləklərdən müəyyən qədər qoruya bilər. Binaların bloklarında səsə, hərəkətə həssas intellektual işıqlandırma sistemi quraşdırmaqla da enerjiyə xeyli qənaət etmək mümkündür. Bir də, blokların möhkəm, kip bağlanan qapıları olmalıdır. Əksər binaların bloklarında qapıların olmaması nəticəsində qışda soyuq, yayda isə isti hava bloklara, oradan da mənzillərin qapıları açılıb-bağlandıqca evlərə dolur. Üstəlik küləkli havada küçədəki toz-torpaq, zir-zibil də bloklara dolaraq sakinlərə böyük əziyyət verir.

Binalarda enerjiyə nə dərəcədə qənaət olunması sakinlərin özlərindən də çox asılıdır. Belə ki, hər kəs öz evində müəyyən qaydalara əməl edib enerjiyə maksimum qənaət etsə, bunun ümumilikdə böyük iqtisadi səmərəsi olar. Bu qaydalar isə demək olar ki, saysız-hesabsızdır. Ən sadə üsul istifadə olunmayan otaqlarda işıqları, boş-boşuna işləyən elektrik cihazlarını söndürməkdir. Uzunmüddətli evi tərk edərkən isə cihazların naqillərini rozetkalardan ayırmaq gərəkdir. Bu əməliyyat nəinki qənaət, həm də təhlükəsizlik baxımından çox önəmlidir.

Evdə lüstrlər və elektrik lampalarının təmizliyi çox vacibdir. Onların üzərinə toplaşan çirk və ya toz qatı işıqlandırmanı xeyli zəiflədir. Pəncərə şüşələrinin təmizliyi də daim nəzarətdə olmalıdır. Çirkli şüşələr otağa düşən təbii işığın müəyyən hissəsini udur. Bu da gündüz vaxtı da mənzildə işıq yandırmaq məcburiyyəti yaradır. Hava işıqlı olanda zərurət olmadıqda pərdələri açıq, axşamlar isə evdən çıxan istiliyi qorumaq məqsədilə bağlı saxlamaq məsləhətdir. Ümumiyyətlə, evdə qənaətcil lampalardan istifadə etmək sərfəlidir. Həm onların ömrü uzun olur, həm də enerjini az işlədir. Məsələn, lüminessensiyalı lampalar közərmə lampalarından fərqli olaraq 80%-ə qədər elektrik enerjisinə qənaət edir.

<img data-cke-saved-src=”file:///C:\Users\ATV_PO~1\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image001.gif” src=”file:///C:\Users\ATV_PO~1\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image001.gif” ‘=”" title=”" v:shapes=”_x0000_s1026″>Məişət texnikasını divara və yaxud istiyə, məsələn istilik batareyasına, qaz plitəsinə çox yaxın yerdə yerləşdirmək olmaz. Cihazların taxçaya qoyulması, işləyən zaman örtüklə örtülməsi də məsləhət deyil. Elektrik avadanlığı işləyən zaman özü istilik verdiyi üçün kənar istilik onun üçün çox zərərlidir. Bu zaman boğulma baş verir, cihaz daha çox enerji sərf etməyə başlayır. Xüsusən soyuducunun sərin yerdə olmasını təmin etmək vacibdir. Çünki, otaqda hərarət 30 dərəcə olarsa, cihazın sərf etdiyi enerji iki dəfə artır. İsti məhsulları otaq temperaturunda soyudub sonra soyuducuya qoymaq, soyuducunun buzxanasını vaxtında  əritmək lazımdır. Qalın buz təbəqələri soyutma prosesini zəiflədir, eyni zamanda enerji sərfini artırır. Kondisionerlərdən istifadə zamanı qapı-pəncərələri bağlı saxlamaq, onlardan hava sızan yerləri tutmaq gərəkdir.

Binalarda ən çox enerji sərf edən qurğulardan biri də suqızdırıcılarıdır. Orta hesabla il ərzində evlərdə 1000 – 4000 kvts elektrik enerjisi su qızdırmağa sərf olunur. Enerji israfçılığına yol verməmək üçün suqızdırıcısını isti suyun istifadə edildiyi nöqtəyə daha yaxın olması məqsədəuyğundur. Məsafənin uzanması istiliyin azalması ilə şərtlənir. İsti suyun keçdiyi borunu izolə etməklə də istilik itkisinin qarşısını almaq olar. Suqızdırıcının isitmə dərəcəsini 60C-dən 50C-ə saldıqda su qızdırma xərci də 10% azalır. Elektroçaydandan istifadə edərkən onu lazım olan qədər su doldurub qaynadın.  Artıq suyun qaynamsı da çox enerji aparır. Paltaryuyan maşını istismar edərkən onu normadan çox,  eləcə də normadan az paltarla yüklədikdə 10–15%, maşının proqramı düzgün tənzimlənmədikdə isə 30% artıq enerji işlənir. Yuyulmuş paltarları durulayarkən soyuq sudan istifadə etmək, hava şəraiti yaxşı olduqda onları açıq havada qurutmaq daha səmərəlidir.

Televizoru bərabər işıqlanan yerdə qoymaq, onun kontrast və işıqlanmasını daha aşağı həddə tənzimləməyə imkan verir. Bu da televizorun müəyyən qədər enerjiyə qənaət etməsi deməkdir. Bu qayda kompüter monitorlarına da aiddir. Demək olar ki, artıq hər evdə kompüter var. Onun düzgün köklənməsi, işlətdiyi enerjini 50% azalda bilər. Belə ki, kompüterlər enerjiyə qənaət rejimini dəstəkləyir, yəni bir neçə dəqiqə ərzində istifadə olunmursa, özü avtomatik gözləmə rejiminə keçir. İşlədilməyənə qədər “Stand-by” vəziyyətində qalır. Bu da saatlarla boş enerji sərfinin qarşısını alır.

Tozsoranda istifadə edərkən onun toz yığan yeri və filtri vaxtında çıxardılıb təmizlənməlidir. İçi həddən çox tozla dolanda tozsoranın motoru gücə düşür, bu da öz növbəsində enerji sərfini artırır. Mobil cihazların, noutbukların və digər qurğuların enerji doldurma aparatlarını lüzumsuz yerə rozetkaya taxılı saxlamaq da enerji israfçılığına səbəb olur.

Texnikanı həmişə saz vəziyyətdə saxlamaq olduqca vacibdir. Onda onlar bizə uzun müddət xidmət edir və zövq verir. Ona görə də cihazda hər hansı bir nasazlıq aşkar etdikdə dərhal təmir etdirmək lazımdır. Nasaz cihazlar adamın əsəblərin oynatmaqla bərabər, həm də enerjini normadan artıq işlədir. Ümumiyyətlə elektrotexniki mallar alarkən ixtisaslaşdırılmış mağazalara müraciət etmək daha etibarlıdır. Cihazı alarkən onun enerji səmərəliliyi dərəcəsinə fikir vermək gərəkdir. Bu məlumatı onun etiketində və yaxud alışdan qabaq istehsalçının internet saytından tapmaq olar. Ən səmərəli dərəcələr А++, А+, А-dır, ondan sonra gələn dərəcələr B, C, D, E, F, G və s. azalmaya doğru gedir.

Sonda bir vacib məqamı da qeyd edək ki, evinizdə enerjiyə nə dərəcədə qənaət etdiyinizi bilmək istəyirsinizsə hər ay eyni gündə, eyni saatda elektrik sayğacınızdan göstəricini çıxarıb ötən ayların göstəriciləri ilə müqayisə edin. Azdırsa demək uğur var, çoxdursa səbəbini araşdırıb tapmaq və aradan qaldırılmasına çalışmaq lazımdır.

Beləliklə, görürük ki, yaşayış yerlərində, binalarda enerjiyə qənaət etmək üsulları olduqca çoxdur. Bu qaydalara əməl etməklə biz büdcəmizi, təbii sərvətlərimizi,  ən əsası isə qoynunda məskən saldığımız, hələ ki, nazımızı çəkən ana təbiəti qoruya bilərik. //Modern.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın