Menu
Geri İrəli

Kor Əhədin nağılı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2014 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur

eli necefxanliSöhbət 1893-cü ildə Bakıda doğulmuş məşhur qarmon ustası Əhəd Əliyevdən gedir. Əhəd uşaqkən göz xəstəliyinə tutulub və sonra yeddi dilli balaca qarmona mehrini salıb. Tale görmə qabiliyyətini əlindən alsa da, ona güclü yaddaş, heyrətamiz musiqi duyumu və istedad bəxş eləmişdi. Eşitdiyi musiqini tez qavrayan Əhəd öncə “İnnabı”, “Uzundərə” havalarını çalmağı öyrənib. Ha yavaş-yavaş püxtələşib. 12 yaşında ikən anası ona o dövr üçün tam həcmli sayılan 12 dilli qarmon alıb. Çox keçmədən o, mahir ifaçı kimi tanınıb. Sorağı Dağıstandan, Gürcüstandan belə gəlib. Qız toylarına dəvət olunanda Əhədi çox vaxt məşhur dəfçalan, içərişəhərli Zeynəb, kişi toylarında isə Xaliq, İsa və qarmonçu şagirdi, sonralar ustad ifaçı kimi tanınmış Teyyub Dəmirov müşayiət edərdi.

Musiqi mövzusunda gözəl  oçerkləri və fotoları ilə tanınan həmkarımız Rafiq Salmanov “Mənim könlüm deyir ki…” adlı kitabında yazır ki, qarmonda yarım ton səslərin olmaması üzündən muğam və digər mürəkkəb quruluşlu havaları istədiyi kimi çala bilməməsi Əhədə rahatlıq vermirdi. Günlərin bir günü o, yaxın dostu, qarmon ustası, yəhudi Korpuşkindən alətə yarım tonlar əlavə etməklə tam yeni bir qarmon düzəltməsini xahiş edir.Təklif ustanın xoşuna gəlsə də, belə şeyə rast gəlmədiyini və onu düzəltmək mexanizmi ilə tanış olmadığını etiraf edir. Lakin Əhədin izahatlarından və təkidindən sonra razılaşıb belə bir qarmon düzəltməyə söz verir. Altı aylıq gərgin əməkdən sonra usta,nəhayət ki, Əhədin istədiyi qarmonu düzəldə bilir. Onun sənətinə və dostluğuna hörmət əlaməti olaraq qarmonu Əhədə hədiyyə edir. Və bununla da qarmon ifaçılığı sahəsində Korpuşkinin və Əhəd Əliyevin adıyla bağlı tam yeni, bütöv həcmli qarmon erası musiqi tariximizə daxil olur.

Kor Əhədin həmin qarmonda çaldığı “Segah” muğamı onun sənətinin zirvəsinə çevrilib. Dövrün ustad xanəndələri Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski Kor Əhədlə çox böyük toylarda birlikdə olublar. Görkəmli bəstəkar Müslüm Maqomayev ustad sənətçini radioya dəvət edib. Qarmonunun sehrli səsi 1927-ci ildə ilk olaraq efir vasitəsilə bütün Azərbaycana yayılıb. Dahi bəstəkar Üzeyir Hacıbəyov onu radionun ilk notlu Şərq orkestrinə qəbul edib. Üzeyirbəyin təkidi ilə Kor Əhəd opera teatrında “Arşın mal alan”ın axırıncı toy pərdəsində “Tərəkəmə” ifa edib…

Əli NƏCƏFXANLI.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın