Menu
Geri İrəli

Kritik dönəmdə ailə büdcəsini planlaşdırmağın yolları

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2015 • Baxış sayı: 616 dəfə • Şərh yoxdur

qtisadçı ekspert çıxış variantı göstərir; əsas vasitələrdən biri qənaət rejiminə keçməkdir…

 

Manatın devalvasiyası və ərzaq məhsullarının bahalaşması əhalinin büdcəsinə ciddi təsir göstərib. İndi hər kəs ailə büdcəsini düzgün istiqamətləndirmək, sərfəli xərcləmək barədə düşünür. Çünki hazırkı vəziyyətdə ailələrin öz gəlirləri hesabına ürəklərincə alış-veriş etməsi imkansızdır. Pulun düzgün istiqamətləndirilməsi üçün isə ailə büdcəsinin doğru  planlaşdırılmasına ehtiyac var. 
Təəssüflər olsun ki, Azərbaycanda az sayda ailələr tapılar ki, onlar əvvəlcədən edəcəyi xərclərin planını qursun və büdcəyə uyğun hərəkət etsin. Adətən ailələr əmək haqqı alan günlərdə qeyri-ixtiyari olaraq daha çox pul xərclədiyi üçün ayın sonuna doğru pulları qalmır və ailə borclanmağa məcbur olur. Bu baxımdan ailə büdcəsinin xərclər hissəsinin planlaşdırılması, öncədən ailənin gəlirlərinə uyğun olaraq müəyyənləşdirilməsi olduqca vacibdir. 
 
Bu gün bir çox ölkələrdə ailə büdcəsi tətbiq edilir. Hətta Böyük Britaniyanın statistika idarəetmə saytında ailə büdcəsinin planlaşdırılması ilə bağlı xüsusi kalkulyator var. Ailələr həmin büdcə formasından istifadə edərək inflyasiya səviyyəsini nəzərə alaraq, gəlirlərini daxil etmək və xərclərini seçməklə büdcələrinin planlaşdırılmasını həyata keçirirlər. Bu ölkədə əhalinin 90 faizi ailə büdcəsini əvvəlcədən planlaşdırır. Bir çox ölkələrdə ailə büdcəsinin planlaşdırılması üçün institusional baza mövcuddur. Bunun əhəmiyyəti ondan ibarətdir ki, hər bir ailə öz gəlir və xərcini planlı şəkildə proqnozlaşdırır. 
Büdcə planlaşdırılan zaman diqqət edilməli bir neçə faktor mövcuddur. Bunlardan birincisi ailə üzvlərinin hər birinin əldə etdiyi gəlirlərin (əmək haqqının, pensiyanın, təsərrüfat fəaliyyətindən əldə edilən gəlirlərin, əmlakın icarəsindən əldə edilən və digər gəlirlərin) əvvəlcədən müəyyənləşdirilməsi və düzgün təhlilidir. İkinci əsas amil isə xərcləri müəyyənləşdirmək, onları büdcəyə uyğunlaşdırmaq və ciddi nəzarətdə saxlamaqdan ibarətdir. Eyni zamanda lazım olmayan xərcləri müəyyən etməklə və düzgün qərarların verilməsi yolu ilə xərclərə qənaət etmək də mümkündür. Təcrübəyə əsasən, xərcləri ciddi nəzarətdə saxlamaq və düzgün təhlil etməklə gözlənilməyən xərclərdən qaçmaq və ya 25 faizədək qənaət etmək olar. Bir çox ailələr xərclərini iki hissəyə  ümumi və şəxsi xərclərə bölərək öz büdcə planlamasını edir. Belə ki, ailə üzvləri xəzinəyə eyni məbləğdə vəsait qoyur. Bu, ailənin ümumi xərclərinə (kommunal ödənişlər, qida xərcləri və s.) yönəldilir. Burda əsas məqsəd ay ərzində xərcləri həmin məbləğə uyğunlaşdırmaqdır. Yerdə qalan pullar ailə üzvlərinin şəxsi büdcələrini təşkil edir.
 
İqtisadçı ekspert Rəşad Həsənov ailə büdcəsini planlaşdırmağın müxtəlif modelləri olduğunu bildirdi:“Xüsusilə ən geniş yayılmışı ondan ibarətdir ki, ailənin aylıq büdcəsi əvvəlcədən tamamilə müəyyənləşdirilir. Ailənin gəlirləri də proqnozlaşdırılır və gəlirlərlə xərclər arasında fərq varsa, ilk növbədə prioritet olmayan xərclərin silinməsi, yaxud azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Beləliklə, mümkün qədər çalışılır ki, ailənin gəlirləri ilə xərcləri arasında disbalans yaranmasın. Burada əsas məsələ ondan ibarətdir ki, sonrakı dövrdə xərclənən zaman kənar heç bir xərcləmələrə yol verilmir. Əvvəlcədən planlaşdırıldığı kimi mümkün qədər qənaət də büdcəyə icra olunur. Bizdə əvvəlcədən ailənin büdcəsini planlaşdırmaq, maddə-maddə yazmaq, ona əməl etmək az yayılıb.  Düşünürəm ki, çox az ailələr bu kimi addımlar atır. Amma əsas məsələ odur ki, yaranmış hazırkı situasiyada Azərbaycan vətəndaşının yeganə çıxış yollarından biri məhz qənaətdir. Bunun başqa yolu yoxdur. Mümkün qədər vacib olan xərc istiqamətlərində xərcləmələr etmək lazımdır. Xüsusilə ailənin kommunal xərcləri, ərzaq tələbatı kimi ödənişlər prioletet olmalıdır. Ondan sonrakı növbədə isə əgər varsa, kredit borclarının müəyyən hissəsi ödənilməlidir. Güman olunur ki, orta hesabla hər bir ailənin kredit borcları var.
Ailələr digər sahələrə, xüsusən də lüks xidmətlərdən istifadə, lüks məhsulların istehlakı kimi israfçı xərc istiqamətlərindən mümkün qədər qaçmalıdır. Hazırkı vəziyyət nəzərə alınaraq ailə üzvləri ailə büdcəsinə işlə bağlı əlavə gəlir gətirmək üçün daha çox səy göstərməlidirlər. Çünki əvvəlki dövrlərdə vəziyyət nisbətən fərqli idi. Bəzi hallarda ailənin bir üzvü çox yüksək gəlirlə fəaliyyət göstərirdisə, digər üzvlər işləmək ehtiyacı duymurdu. Amma indi yaranmış situasiyada belə ailə üzvlərinin yükü bir nəfərin üzərindən götürməsi lazımdır. Bu, Azərbaycanda daha çox yayılıb ki, ailə başçısı əsasən ailənin maliyyə məsələlərini həll edir ki, bu məsələdə də müəyyən qədər liberal olmaq lazımdır və ailəyə bir neçə istiqamətdən gəlirlərin daxil olmasına çalışmaq lazımdır”.
İqtisadçı ekspert digər ölkələrdən fərqli olaraq Azərbaycanda əlavə gəlir mənbələrinin yox dərəcəsində olduğunu dedi: “Xarici ölkələrdə vətəndaşlar səhm bazarından, qiymətli kağızlardan, birjadan əlavə gəlirlər əldə edirlər. Azərbaycanda bu kimi əlavə gəlirlər əldə etmək imkanı məhduddur. Lakin mümkün qədər çalışmaq lazımdır ki, fərqli sahələrdə ailəyə gəlir daxil olsun ki, növbəti dövrlərdə bu ailənin bir istiqamət üzrə hansısa iflas və yaxud da ixtisar baş verərsə, ailə tamamilə gəlirlərdən məhrum olmasın”.
Günel MANAFLI, musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın