Menu
Geri İrəli

Səbuhi Rəhimli: “2017-ci ildə hakimiyyət islahatlara gedəcək, Xoruz ili daha gərgin olacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Dekabr 2016 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

“Xoruz ili daha gərgin keçəcək, problemlərə tez nöqtə qoymaq üçün bütün risklərə gediləcək”

sebuhi

 
Təlatümlü 2016-cı il geridə qalır. Bəs qarşıdan gələn Xoruz ili dünyaya və ölkəmizə nələr vəd edir? Bununla bağlı tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli öz proqnozlarını “Yeni Müsavat”a açıqlayıb:
 
- Xoruz ili əslində hansı tarixdən başlayacaq?
- Bəziləri astronomik ili yanlış olaraq yanvarın 1-i və ya martın 21-i hesab edir. Əslində isə yanvarın 1-i təqvim dəyişir, martın 21-i isə zərdüştiliyə aid milli təqvimdir. Biz əgər Çin-Şərq və 12 illik Zodiak mərhələsini nəzərdə tuturuqsa, bu həmişə 20 yanvar-19 fevral aralığına düşür. Od ünsürlü Qırmızı Xoruz ili də 2017-ci ilin 28 yanvarından 2018-ci ilin 15 fevralına qədər davam edəcək.
 
- Bu il özündə hansı xüsusiyyətləri daşıyır?
- İlk öncə bildirim ki, bu vaxta qədər heç bir Xoruz ili sakit və sülh şəraitində keçməyib: daima narahatçılıqlar, kütləvi etirazlar, siyasi çaxnaşmalar, məhəlli münaqişələr, çevrilişlər, sui-qəsdlər olub. Bu illərdə yeni-yeni liderlərin pərvəriş tapması, situasiyaların öz məcrasından çıxması, ictimai enerjinin gənclər üzərində cəmləşməsi həmişə labüd olub. Qədim Şərq astrologiyasına əsaslansaq, Xoruz təcavüzkar ildir. Kimdənsə mərhəmət gözləmək, ədalətin qələbə çalacağına inam bəsləmək boş xülyadır. Məqsədə çatmaq üçün bütün cəbhələrdə, sərt şəkildə mübarizə aparmaq lazımdır. Sükanı əldən buraxmaq, yaxud da kiməsə etibar etmək təhlükəli sonluqla bitə bilər. Hər kəs öz hüququnu bilməli, öz haqqını bütün instansiyalarda tələb etməlidir.
 
- Meymun ilində dünyada xeyli təlatümlər yaşandı, gözlənilməz hadisələr baş verdi, dünyanın lider ölkəsinin başına qeyri-adi Donald Tramp gəldi. Bu proseslər Xoruz ilində də davam edəcəkmi? 
- Səhv etmirəmsə, 2002-ci ildə sizin qəzetə də açıqlamamda bildirmişdim ki, 2003-2022-ci illər arası dünya böyük “təmirə” dayanacaq və bu “təmir” çoxlu fəsadlar törədəcək, dünyanın burulğandan keçməsinə, bəzi gizli mətləblərin aşkar olunmasına və ya əksinə, mühüm məsələlərin gizlədilməsinə xidmət edəcək. Vurğuladığım 20 illik müddətdə planetimizin nələr yaşadığına hər birimiz şahidik. 11 sentyabr ABŞ terroru ilə layihəsi hazırlanan ciddi planlar məhz 2003-cü ilin 20 martında İraqa hücumla start götürdü. Sonra Əfqanıstan, Suriya, Şimali Afrika, məxməri inqilablar gəldi gündəmə, “Taliban”, “əl-Kaida”, “Boko-Haram” kimi terror təşkilatlarının adını eşitdik, maliyyə böhranlarının, misli görünməmiş terrorların şahidi olduq, İŞİD bəlası, güclü dövlətlərdə böhran, Avropaya axışan milyonlardan ibarət qaçqın sellərini gördük. Qərb-Şərq, Qərb-Rusiya qarşıdurması da qorxulu nöqtəyə çatdı. Bu və digər məsələlər çoxlarına bəlli olduğu üçün üzərində çox dayanmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, söylədiyim 20 illik prosesin ən pik nöqtəsi 2016 və 2017-ci illərdir. Hazırda biz ən gərgin və ən təhlükəli dövr yaşamaqdayıq. 2016-cı ildə baş verən, start götürən bir çox proseslər var ki, istər-istəməz öz nəticəsini yeni ildə büruzə verəcək. Deməli, qarşıdakı il daha gərgin zaman kəsiyinə çevriləcək. O ki qaldı Tramp barədə təəccübünüzə, məncə o qədər də təəccüblü deyil. Düşünürəm ki, o, Obama administrasiyasının “səhvlərini” düzəltməklə məşğul olacaq.
- Tarixə nəzərə yetirəndə görürük ki, bundan əvvəlki Xoruz illərində bəşəriyyətin tarixini dəyişən hadisələr baş verib, məsələn, Hitler hakimiyyətə gəlib, İkinci Dünya müharibəsi başa çatıb, Xalq Cəbhəsinin hakimiyyəti süquta uğrayıb və sairə. Bəs bu il dünyada və ölkədə nələr yaşana bilər?
- Xoruz illərində daha çox tələsik sülhlərin şahidi oluruq. Sanki problemlərə tez nöqtə qoymaq üçün bütün risklərə gedilir. İkinci Dünya müharibəsinin bitməsi də Yaponiyaya iki bomba atılması sayəsində baş verdi. Bu il də belə “tələskənliklərin” şahidi olacağıq. Çünki ötməkdə olan ildən çoxlu problemlər yarımçıq qalmaqdadır və onların əksəriyyəti təcili həllini gözləyir. Xoruz ili sırf siyasi dövr olduğu üçün daima ziddiyyətli, gözlənilməz hadisələrə rəvac verir. Tarixi xronologiyaya nəzər yetirəndə bir daha bunun şahidi oluruq.
- O zaman deyə bilərsinizmi ötən Xoruz illərinin ziddiyyətli hadisələri hansılardır?
- Bir tərəfdən Həzrət Əli (ə) qətlə yetirilib (661), digər tərəfdən İstanbul fəth olunub (1453); bir tərəfdən Azərbaycanı gələcəkdə bir dövlət kimi yox etmək məqsədilə Gülüstan müqaviləsi bağlanılıb (1813), digər tərəfdən Seyid Cəfər Pişəvəri Cənubi Azərbaycan Cümhuriyyətini elan edib (1945); bir tərəfdən Vahid İtaliya (1861), Monqolustan (1921), Qana (1957) dövlətləri, BMT yaradılıb (1945), digər tərəfdən Kolumbiyada, Venesuelada, Filippində (1957), Liviyada (1969), Ekvadorda, Banqladeşdə və Misirdə (1981) qanlı hakimiyyət dəyişikliyi olub. Belə hadisələri çox sadalamaq olar.
 
- Bəs araşdırmanıza görə Xoruz illərində baş verən ən çox hansı hadisə bəşəriyyətə xeyirli və hansı zərərli olub?
- Müharibə və siyasi zəfərləri qırağa qoysaq, mənim üçün 1969-cu ildə İnternetin yaranması bəşəriyyətin ən böyük zəfəri, 1981-ci ildə yayılmağa başlayan SPİD (QİÇS) xəstəliyi isə dünyamız üçün ən böyük bəladır.
- Hakimiyyətdə hansısa dəyişikliklər gözlənilirmi?
- Məndə doğum tarixləri olan və hesablama apardığım məmurlardan 2017-ci ildə eniş mərhələsinə düşəcək adam az deyil. Əslində ümumi gedişata əsasən bunu çoxları deyə bilər, amma məndə ümumidən başqa xüsusi gedişat da var ki, ondan yayınmaq əmsalı sıfıra bərabərdir. Lakin nüfuz və dəyəri aşağı düşən məmurların vəzifəsindən gedib-getməyəcəyi prezidentin iradəsindən asılı olduğu üçün qəti fikir söyləyə bilmərəm.
 
- Bəziləri iddia edir ki, bu il bizim üçün heç də asan olmayacaq, bahalaşma daha da artacaq, ciddi sosial problemlər yaşanacaq.
- Bunu demək üçün astroloq olmağa lüzum yoxdur. Ən azından mövcud durum bunu deməyə əsas verir. Kommunal xərclərin artması məhz yanvardan özünü göstərəcək ki, bu da ilkin narazılıqları qabardacaq. Əslində dünyanın hər yerində bahalaşma gedir, təəssüf ki, bizdəki bahalaşma çox ədalətsiz, mən deyərdim ki, allahsız gedir. Azərbaycanda ilin ikinci yarısından qismən sabitlik yaranacaq. O vaxta qədərsə hər cür hadisə gözləmək olar. Fevral ayından etibarən hakimiyyət qismən də olsa islahatlara gedəcək, hətta müstəqil qurumlarla, müxalifətlə müəyyən məsələlərdə bir araya da gələcək.
- İlin uğurlu və uğursuz ayları hansı olacaq?
- Ayları uğurlu-uğursuz edən insanlardır. Lakin astrologiyada ilin şanslı məqamları və tədbirli olmalı dövrləri də göstərilir. Bu baxımdan 2017-ci ildə dünya üçün yanvar və fevral uğurlu, iyul və avqust isə uğursuz aylar ola bilər.
- Hansı Zodiak illəri üçün bu il uğurlu olacaq?
- İlin aparıcı Zodiak illəri Xoruz, Öküz və İlan, bürcləri isə Oğlaq və Sutökəndir.
- Yeni ildə insanlar hansı tövsiyyələrə əməl etməlidirlər?
- Min illərin sınağından keçən astrologiyada hər bir ilin öz oyun qaydaları, yaşama üslubu və mübarizə qanunları var. Bu baxımdan deyə bilərik ki, Xoruz ilində pul qazanmaq, büdcəni rahat şəraitdə artırmaq olduqca çətindir. Bu dövrdə çoxları karyera zirvəsindən sürətlə aşağı düşür, nəticədə isə bəzən qarşıdurma meylləri də güclənir. Aşağılarla yuxarılar arasında mövcud olan sədd yırtılır. Belə hallar da xaosun meydan sulamasına rəvac verir. Qanunlar lazımi səviyyədə işləmir və ya onlara riayət olunmur. Bu illərdə pul və imkandan daha çox ağıl və analiz üstün olur. Yalnız böyük təcrübə sahibləri, taktikalı və zamanın nəbzini tutanlar qalib gəlir”.
 
Xalidə GƏRAY,  musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın