Menu
Geri İrəli

Sumqayıtda minlərlə xəstəyə şəfa vermiş cərrah Zahid Quliyev – ÖMÜR YOLU

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2017 • Baxış sayı: 2,802 dəfə • Şərh yoxdur

Fevralın 8-də Sumqayıtın məşhur cərrahı Zahid Quliyevin vəfatının 1 ili tamam  olur

 “…Göy kişnər, bulud ağlar!”

Sumqayıtda minlərlə xəstəyə şəfa vermiş, çoxlarının həyatını xilas etmiş cərrah Zahid Quliyev

00001Zahid Quliyev ustad Aşıq Ələskərin, neçə-neçə igidlərin yurdunda – Qərbi Azərbaycanda, Sisyan rayonunun Murxuz kəndində 27 noyabr 1950-ci ildə dünyaya göz açmışdı. Orta məktəbi bitirəndə həkimlik sənətini seçməsi təsadüfi deyildi. Kəndlərində həkim olmaması üzündən kənd camaatının nə əziyyətlər çəkdiyinin, dünyadan vaxtsız köçənlərin də az olmadığının şahidiydi. Ona görə də qərarı qəti idi: həkim, özü də cərrah olmaq. Ancaq Azərbaycan Dövlət Tibb İnstitutunun qəbul imtahanlarından yaxşı qiymətlərlə çıxsa da, həmin il – 1967-ci ildə müsabiqədən keçə bilməmişdi. Ona böyük ümidlər bəsləyən müəllimlərinin, valideynlərinin inamını doğrultmadan – tələbə olmadan kəndə qayıtmağı özünə sığışdırmayaraq, Sumqayıtdakı zavodların birində fəhlə kimi çalışmağa başlamışdı.

İstehsalatda işləməklə yanaşı, gecəni-gündüzünə qataraq, imtahanlara ciddi hazırlaşır və növbəti ildə eyni zamanda iki instituta – Tibb İnstitutuna və Pedaqoji İnstituta qəbul olunur. Təbii ki, onlardan birini – onun üçün ən mühüm olanını, birincini seçir. Həkimliyə həvəsi elə güclü olur ki, ikinci kursu qurtarar-qurtarmaz yaxın qohumu Mürvət kişi onun istəyini nəzərə alaraq, Sumqayıtın tanınmış, məşhur cərrahlarından olan Cəfər Quliyevə müraciət edərək, tələbə Zahidin yay vaxtı onun yanında təcrübə keçməsini xahiş etməli olur. İlk tanışlıqdan bu bəstəboy, suyuşirin, həm də bir az utancaq olan oğlanın istedadlı olduğunu, xüsusilə də  müqəddəs və humanist həkimlik peşəsinə böyük maraq və həvəs göstərdiyini duyan Cəfər həkim o gündən etibarən onu özüylə birgə cərrahiyyə əməliyyatlarına götürərək, İbn Sina, Hippokrat sənətinin incəliklərini ona bilavasitə praktikada səylə, diqqətlə öyrətməyə başlayır. Cəfər həkim kimi bir loğmanın, ustad cərrahın yanında “şəyird” kimi çalışdığı illər öz bəhrəsini verir – Zahid dövlət imtahanlarını və diplom müdafiəsini uğurla başa vurub, həkim-cərrah kimi təyinatını Sumqayıta – özünün müəllimi hesab etdiyi Cəfər həkimin çalışdığı Təcili Tibbi Yardım xəstəxanasına alır. Və 40 ildən artıq öz ustadı ilə birgə, çiyin-çiyinə çalışaraq, sumqayıtlıların, o cümlədən kimyaçıların sağlamlığı keşiyində dayanır.

İlk gündən cərrahlığın sirlərini səylə öyrənməyə çalışan Zahid Quliyev yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də Cəfər həkimin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, uğurla başa vurduğu cərrahi əməliyyatlar, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir cərrah kimi ona olan inam və ehtiramı daha da artırır.

Fəaliyyəti qismən sabit, bir növ planlı şəkildə qurulan digər tibb ocaqlarından fərqli olaraq Zahid həkimin çalışdığı Təcili Tibbi Yardım xəstəxanasında stabil olmayan, demək olar ki, fövqəladə rejimdə işləmək lazım gəlirdi. Təcili olaraq xəstəxanaya çatdırılan ağır xəstələrin təxirəsalınmaz cərrahiyyə əməliyyatına ehtiyacı olanda Zahid həkim gecikmədən əməliyyat otağına keçərək, qadir Allahın adını tutub, qayğıkeşliklə, ürəyiyananlıqla xəstənin başının üstünü alar və önündəki adamı yad, özgə yox, öz yaxını-doğması hesab edərək, şəfaverici bıçağını işə salardı. Özünün də bir vaxtlar dediyi kimi, əməliyyat müddətində o, ətrafdakı hər şeyi, hətta ev-ailə qayğılarını belə unudaraq, ona pənah gətirmiş xəstəyə əlac etməyi uca Tanrının məhz ona həvalə etdiyini düşünərək, əlindən gələni edərdi ki, xəstəni ona üz vermiş bəladan xilas etsin, yenidən həyata qaytarsın.

Dəfələrlə olurdu ki, Zahid həkimi iş saatı başa çatdıqdan sonra da, hətta gecənin yarısı da ağır xəstə üstünə çağırardılar. Bəzən də bu hallar onları təmənnasız, həm də “əli yüngül” həkimlər kimi tanıyan xəstələrin istəyi ilə olurdu. Axı, heç kəsə gizli deyil ki, ötən dövrlərdə xəstənin “sahibi” gəlməyincə, “nəmər” verməyincə ona ağır vəziyyətdə olsa da belə, yaxın durmaq istəməyən həkimlər, cərrahlar da olurdu. Ancaq amalı-istəyi doğma xalqına şərəflə, təmənnasız xidmət etmək olan Zahid həkim xoş xislətli Allah adamı olduğundan hər zaman xəstənin harayına çatmağa hazır idi. Təsadüfi deyil ki, respublikanın bütün bölgələrindən olan sumqayıtlıların qohum-əqrəbalarının yaşadıqları rayonlardan, ucqar kəndlərdən də bilavasitə Cəfər həkimin və Zahid həkimin adını tutaraq Sumqayıta gətirilən xəstələr də az olmurdu. Və dəfələrlə görmək olardı ki, növbəti əməliyyatdan sonra axşama yaxın xəstəxanadan çıxıb evə gedərkən ya xəstənin qohumu, ya da növbətçi tibb bacısı Zahid həkimin ardınca qaçıb, qışqırırlar ki, “həkim, amanın günüdür, ağır xəstəmiz var, kömək edin”. Belə hallarda o, heç vaxt iş gününün qurtardığını, şöbədə növbətçi həkimin, cərrahın olduğunu dilə də gətirməz və dərhal geri qayıdardı – qospital həkimi, hər şeyə hazır olan hərbi həkim kimi…

40 il… Gecəli-gündüzlü hər günü həyəcanla, gərginlik, narahatlıq içində keçən 40 il! Bu müddətdə Zahid həkim minlərlə adama şəfa verib, neçə-neçə əlacsız-ümidsiz xəstəni həyata qaytarıb və bunu zahirən heç vaxt büruzə verməsə də, daxilən hər dəfə qürur hissi keçirib, evinə sevinclə, xoş duyğularla dönüb. Minlərlə yox, hətta bir adamı belə ölümün əlindən almaq igidlik, xoşbəxtlik deyilmi? Axı, hər bir xəstənin arxasında onun ailəsi – ata-anası, qardaş-bacıları, övladları, nə qədər qohum-əqrəbası dayanır. Onların əzizini həyata qaytarmaq, bir nigaran ailəyə dünyalarca sevinc bəxş etmək xoşbəxtlik deyil, bəs nədir? O qədər adamın xeyir-duasını, alqışını eşitmək həkim, cərrah qəlbini sevinclə doldurmazmı? Bəs belə xəstələr öz müxtəlif taleləri ilə 40 il ərzində minlərlə olubsa, onda necə?

Untitled-5Zahid həkim 35 il – 1976-cı ildən 2011-ci ilədək eyni səhiyyə ocağında – onun üçün doğma olan Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahiyyə şöbəsində həkim-cərrah kimi çalışıb. Və hər gün vicdanla, ləyaqətlə öz həkim-cərrah borcunu yerinə yetirib. Xəstələri ilə hər zaman xoş ünsiyyətdə olub, onlarla çox səmimi, mehriban davranıb.  Təsadüfi deyil ki, Zahid həkimdən istiqanlılıq, mehribanlıq görən, onun yüksək insani keyfiyyətlərini, ziyalı mədəniyyətini, alicənablığını yüksək dəyərləndirən keçmiş xəstələrdən bəziləri sonradan onunla hətta dost olublar.

Onun ustadı Cəfər həkimlə dostluğu isə ötən illər ərzində qardaşlıq səviyyəsində – son dərəcə möhkəm və səmimi olub. O dərəcədə səmimi ki, Cəfər həkim uzun illər işlədiyi cərrahiyyə şöbəsinin müdiri vəzifəsindən təqaüdə çıxanda şəhərin səhiyyə şöbəsinin rəhbərliyindən xahiş edib ki, həmin yerə Zahid həkim təyin edilsin – onun etirazına, həmin vəzifəyə iddiası olmadığına baxmayaraq.  Ağsaqqal həkimin, “Şöhrət” ordenli cərrahın təklifi məmnuniyyətlə qəbul olunub. Ancaq Zahid həkimin səmimiliyinə, böyüyə-ağsaqqala hörmət-ehtiramına bax ki, o, ustadının təklifini tam razılıqla yox, “xüsusi şərt”lə qəbul edib – Cəfər həkim yenə də zəngin təcrübəli bir cərrah kimi şöbədə qalmalı və 35 ildən artıq çalışdığı kabinetdə, elə vərdiş etdiyi yerindəcə oturub-işləməlidir. Özünə isə, Zahid həkim kabinetin bir küncündə balaca bir yer eləmişdi. Şöbə müdiri kimi çalışdığı 5 il ərzində azacıq da olsa eyhamla hiss etdirməmişdi ki, bura onun – şöbə müdrinin kabinetidir. İlk vaxtlar kabinetə daxil olanlar heç nə başa düşmür, çox zaman müdir kimi yenə də elə Cəfər həkimə müraciət edirdilər. Zahid həkim bundan qətiyyən narahat olmur, zərrəcə də incimir, bunu normal qəbul edirdi.

Hər bir insan taleyinə qayğı ilə, məsuliyyətlə yanaşaraq, yüksək peşəkarlıqla çalışdığına, çoxillik səmərəli fəaliyyətinə görə “Azərbaycanın ali dərəcəli həkim-cərrahı” adına layiq görülmüş Zahid Quliyev bir vaxt özü də istəmədən, buna qətiyyən can atmadan xəstəxananın baş həkimi vəzifəsinə irəli çəkilsə də, bir müddət sonra yenidən öz vəzifəsinə qayıtmağı daha üstün tutmuşdu. Çünki özü də yaxşı bilirdi ki, o, vəzifə adamı, “kreslo adamı” deyil, onda rəsmiyyətçilik, amiranəlik, göstəriş vermək xüsusiyyəti yoxdur, “adamlıq” – sadəlik, səmimiyyət, mehribanlıq var və o, bu keyfiyyətlərini “kreslo”ya dəyişmək niyyətində deyil.

…2015-ci ilin oktyabrının əvvəlində Cəfər həkim məzuniyyətdə olduğu üçün işə çıxmırdı. Birdən tibb bacılarından biri ona zəng edib, həyəcanla, ağlayaraq bildirir ki, Zahid həkim kitablarını və sənədlərini yığışdırıb getdi, vəziyyəti heç də yaxşı deyildi. Buna baxmayaraq, o, gözlənilənin əksinə olaraq, hələ vəziyyəti yaxşı olmasa da, xəstələrinə baş çəkmək üçün sabahısı günü özünü toplayıb, yenə işə gedir. Lakin çox keçmir ki, halı yaxşı olmadığından məcbur olub evə dönür  və… bir daha uzun illər çalışdığı xəstəxanaya qayıda bilmir. Amansız tale onun yolunu daha həkim kimi yox, xəstə kimi başqa xəstəxanaya, başqa klinikaya salır… Heyf ki, Bakıda 3 ay davam edən müalicə nəticəsiz olur – minlərlə xəstəyə əlac etmiş həkimin özünə əlac olmur və o, ötən il fevralın 8-də əbədilik olaraq həyatla vidalaşır.

Untitled-30

Zahid həkimin vaxtsız ölümü bütün doğmaları kimi xəstəxananın kollektuni və onu tanıyanların hamısını o günlər bərk sarsıtmışdı. 28 il doğma yurdundan – qədim Zəngəzurdan ayrı düşərək, ona həsrət qalmış, qəlbi sızlayanq, gizlincə korun-korun yanan Zahid həkim üçün indi Zəngəzurun özü də Sumqayıtla birgə həsrət qalmışdı. 17 il qoynunda böyüdüyü yaşadığı el-obadan sonra Sumqayıt ona ata-ana olmuş, övlad kimi, ləyaqətli Vətən oğlu kimi onun hər qayğısını, nazını çəkmiş, son məqam – ayrılıq məqamı gələndə isə doğma, əziz balası kimi ona qoynunda yer vermişdi.

Xəstəxananın baş həkimi Rauf Sadıqov Zahid həkim barədə deyir ki, “O, həkimlik istedadına, qabiliyyətinə, işgüzarlığına,  səmimiyyətinə görə böyük ad-san qazanmışdı. İşdə taleyinə həmişə ağır xəstələr düşərdi. Respublikamızda və başqa ölkələrdə onun sənətinə uyğun aparılan çətin, unikal cərrahiyyə əməliyyatlarını Zahid həkim bizim xəstəxanada uğurla həyata keçirirdi”.

Zahid həkimin dostu və həmkarı Gülməmməd Həmzəyev bildirir ki, yaşından və təcrübəsindən asılı olmayaraq Zahid həkimlə cərrahi əməliyyata gedən hər bir həkim əməliyyat zamanı özünü çox arxayın hiss edərdi. Buna görə də şöbədəki həkimlər çalışırdılar ki, əməliyyatı Zahid həkimlə birlikdə aparsınlar.

Qəbul şöbəsinin müdiri Nəriman Hüseynov isə deyir ki, Zahid həkimin zəif cəhəti də var idi: ömründən xəstələrə, dostlara, qohumlara səxavətlə pay verirdi, heç vaxt özünü düşünmür, özü üçün yaşamırdı.

Milli Məclisin deputatı, Zahid həkimi yaxından tanıyan və ona hər zaman ehtiramını bildirən Fərəc Quliyev də onu xoş duyğularla xatırlayır: “Bəşəriyyət nadir hallarda belə mükəmməl türk oğulları, türk kişiləri yetirir… O, mərd və təvazökar, mehriban, olduqca səmimi, halal, namuslu adam idi. Onun qazancı insanların alqışı, xoş sözləri, duaları idi. Onun ölümü yalnız Sumqayıt üçün, doğmaları üçün deyil, bütün ölkə səhiyyəsi üçün çox böyük, ağır bir itkidir”.

Bu gün Zahid həkim – o mahir cərrah, olduqca sadə və təvazökar, ətrafındakılara qarşı çox diqqətli və qayğıkeş olan o mehriban, son dərəcə nəzakətli, abırlı-həyalı, səmimi və mehriban insan aramızda yoxdur. Minlərlə xəstəyə şəfa vermiş Zahid həkimin yoxluğu təkcə onun doğmalarını, dostlarını yox, bütün onu tanıyanları, xüsusilə də onun sayəsində şəfa tapanların hamısını kədərləndirir. Axı, ustad Hacı Cəfər həkim kimi, illər sonra özü də loğmanlaşmış Zahid həkim öz humanist sənəti, xəstələrə qayğıkeşliyi, insanpərvərliyi ilə həqiqətən xalqın rəğbətini, ehtiramını, sevgisini qazanmışdı.

Allah rəhmət eləsin!

Rəhman ORXAN. 


Untitled-11 Untitled-12 Untitled-13 Untitled-14 Untitled-18

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın