Menu
Geri İrəli

“Hər şey o zəhirmara rast gələndən sonra oldu” – Hüseyn Dəryanın anası danışır

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Mart 2014 • Baxış sayı: 507 dəfə • Şərh yoxdur

Hüseyn Dəryanın bacısı:”Bircə ricam var, sussunlar, heç olmasa vicdanlarına qısılıb sussunlar”
huseyn-anasi

“İstərdim Hüseynin anasını, qardaşını, bacısını görüm və soruşum ki, o, bu qədər silinəcək neyləmişdi ki?”

Lent.az-dakı “27 saniyədəki səs” adlı yazımda qoymuşdum bu sualı. Doğru deyirlər ki, niyyətin hara, mənzilin ora. Sən demə, onlar da bu suallara cavab vermək üçün birini görmək istəyirlərmiş. Amma nə şou, nə də biznes əhli olsun…

Hüseyn Dəryanın ölümünə qədər bacısı Ofeliya və onun ailəsi ilə Qaraçuxur qəsəbəsində yaşadığı mənzilə getdim. Anası Abtab Muradova da orda yaşayır. Bu günlərdə mətbuatda gedən yazılar və efirdə səslənən məlumatlardan sonra özümü təxminən belə hazırlamışdım: Qarşıma fikrini dürüst ifadə edə bilməyən, hər cür təhqirləri dilə gətirə biləcək adamlar çıxa bilər. Qapını da qorxa-qorxa döydüm məhz bu səbəbdən. Amma deyilənlərlə gördüyüm mənzərə fərqli idi. İçəri keçib salamlaşdım. Beləcə söhbətə başladıq.

 - Axı o bu qədər silinəcək nə etmişdi ki?

- Bıy bala, başına dönüm heç nə (bir ana, həyatda olmayan övladını necə ağlayarsa, o cür fəryad çəkdi qadın. Yerimdə kimsənin olmasını arzulamazdım o anda – J.M. ) Qızım, o çox ağıllı idi, tərbiyəli idi. Mənim də arzum vardı əziyyət çəkib böyütmüşdüm onu. İstəyirdim evi, ailəsi, övladları olsun.  5 övladım var mənim. Hüseyn sonbeşiyimdir. Hamıdan fərqli idi. Mən onun hamıdan üstün tutmuşam. İndi deyirlər ki, mən imtina eləmişəm. Ay bala, adam nəfəsindən necə keçər? O mənim nəfəsim idi. Mən nəfəs ala bilmirəm…Heç kim də görmür…

Hər şey o zəhirmara (narkotiki nəzərdə) rast gələndən sonra oldu. Biz  ona pis nəsə demirdik. Hamı istəyirdi ki, bu zəhərdən uzaq dursun.  Atası illər öncə ağır qəza keçirmişdi. Bir neçə il öncə isə rəhmətə gedib. O qəzada böyük oğlum, ortancıl qızım da ağır xəsarət almışdılar.

 …Bu yerdə söhbətə bacısı Ofeliya qarışır. Ağlamaqdan bu xanımın səsi batmışdı. Amma xırıltılı səslə də olsa nəsə deməyə çalışır.

 - Hüseynin o qəza günü dəyişib qoyduğu çirkli paltarlar mənim evimdədi. Gəldi, tələsik əynini dəyişib çıxdı. Mən onları nə ata, nə yuya, nə də kiməsə verə bilirəm. Mən necə imtina eləmişəm? O mənim qardaşım deyil ee, balamdı. Onu mən saxlamışam. Həmişə yanımda olub. Mən övladımdan çox ona görə nəsə eləmişəm. Bu gördüyünüz evi ona görə almışam ki, rahatlığı olsun. O utanırdı, ehtiyaclarından sıxılırdı. Mən istəmirdim bunu hiss eləsin. Birimizə bir ağır, toxunan söz deməyib. İndi mənə deyin görüm, necə imtina eləmişəm mən ondan? Bütün əşyaları evimdədir.

 Ofeliya xanımın əli ilə göstərdiyi hər şeyə, Hüseynin Həcc ziyarətindən gətirdiyi, Quran kitabına, balkondakı paltarlarına, ayaqqabılarına, yenə də inancları ifadə edən boyunbağıya baxıram. Və yenə də söhbətə dönürük…

 Ofeliya xanım deyir ki, bir müddət əvvəl anası ata mülkünü satıb qalan pulu övladları arasında bərabər bölübmüş.

 - O puldan 15 min manat Hüseynə də verdi anam. O, problemləri, layihələri ilə bağlı xərcləmişdi pulu. Sonra anama dedi ki, ev tikdirməyə başlayıb. Layihə hazırladıb, smetasını da tutub.

 - Bəs sonra nə oldu?

 Layihəni, Hüseynin lazım olan materialları öz xətti ilə yazdığı kağızı göstərir: “Hamısı burda qaldı, kağızın üstündə”…

 - Ofeliya xanım baxıram və dediklərinizdən belə anlayıram ki, hamıdan fərqli bir ailə deyilsiniz. Sadə, çoxu kimi normal ailəniz var. Bəs niyə bu qədər mənfi fikirlər formalaşıb haqqınızda?

 - Hamısı Hüseynin problemlərinə görədi. Heç o yazığın da günahı yox idi, sadəlövh adam idi. Onun illər ərzində çalışıb qazandığı həmişə dostlarda, bir də xeyriyyə işlərində olub. Mənim qardaşımı az yaşında qazandığı qazanc çaşdırdı, pis çevrəyə düşdü. Ha çalışdıq, ha əlləşdik çıxara bilmədik. Nə də bir dürüst, möhkəm dostu, sevəni olmadı ki, ona təsir eləsin. Biz çox danışanda da deyirdi ki, siz qadınsız, işlərimə qarışmayın. O, bizi onu siləcək həddə çatdırmamışdı. Sadəcə, heyf oldu o. Min dəfə acıqlanıb danlayırdıq amma yenə boynumuzu qucaqlayırdı. Elə adam idi ki,  nə qədər əsəbi olsan da, nifrət eləyə, sevməyə bilməzdin. Bir çəp baxıb gülürdü, hər ey dəyişirdi hamı üçün.  Mənim evimdə boşluqdu. O boşluqdan üzümə həmişə müəmma və şübhə baxacaq. Niyə oldu? Kimlər, niyə çağırırdı onu? Özünə qəsd edibsə, niyə edib? İndi də səsini atıblar ortaya. O, bir dəfə öldü, mən cəhənnəm, mənim anam hər gün ölür. Hər gün məzarına apara bilmirik. Evdə üsyan eləyir Hüseynə görə. Bircə ricam var, sussunlar, heç olmasa vicdanlarına qısılıb sussunlar. Kimsə də onun övladları ilə bağlı nəsə eləmək istəyirsə, qoy eləsinlər. Hüseynin ailəsi olaraq bizim bircə istəyimiz var. O uşaqların adına hesab açılsın və onun balaları həmin yığılması nəzərdə tutulan pulları 18 yaşdan sonra özləri istifadə eləsinlər. Bizə bir manat da lazım deyil o puldan.

 - Qəza günü hara gedirmiş Hüseyn?

 - Bizə bu barədə açıq heç nə deməzdi. Amma, deyəsən, yoldaşı deyilən qadını qarşılamalı imiş.

 - “Yoldaşı deyilən qadın” deyəndə gəlininizdən və qardaşınızın övladlarından bəhs edirsiniz, eləmi?

 Bu dəfə anası söhbətə qoşulur:

 - Bala, mən Hüseynin anasıyamsa, heç kimə elçi gedib, nişan aparmamışam. Baxmayaraq ki, arzum olub bütün analar kimi.

Mən də  o gəlinləri sənin kimi televiziyada gördüm, sonra da bibiləri yas mərasimində üstlərinə gələndə biliblər. Cəmi bircə dəfə də Sonanın oğlunun bir yaşında qızım iştirak eləyib. Qalan heç nə bilmirəm. Mənə bir dəfə də olsun gəlib demədi ki, ay ana, mən filan qızı sevirəm, istəyirəm evlənirəm. Çox danladım onu bu məsələlərə görə. Bir dəfə də olsun başını qaldırıb mən cavab qaytarmadı. Tərbiyəsiz bir söz də işlətmədi yanımda ki, mən ondan inciyim. Mən ağır xəstəyəm, qızım. Yüksək şəkərim var. Ağır qəza keçirmişəm. Bizim ailənin başına bütün bəlalar yol qəzalarında gəlib. Evimdə ağır qəza keçirməyən ailə üzvüm yoxdur mənim. Yoldaşım, oğlum, qızlarım, elə özüm də.

 - Siz nə zaman qəza keçirmisiniz?

 - Bir neçə il əvvəl maşın vurdu məni. Hüseyn tanınan adam idi deyə şikayət eləmədim, ayıb bildim. Burda müalicələrin əhəmiyyəti olmadı. Sonra Hüseyn məni Türkiyəyə göndərdi. Dostları, əlaqələri çox idi. Orda məni əməliyyat elədilər. Gəzə bilmirdim. İndi şükür gəzirəm….

 Haşiyə:  Bu məqamda qeyd edim ki, öz payına düşən həmin 15 min manatı xərcləyəndən sonra anası özünə qalan 15 min manatı da oğluna verib. Hüseyn o pulu yeni evi üçün yatırım kimi nəzərdə tutduğundan hansısa bank hesabına yatırıb. Anası deyir ki, indi nə o bankın adı, nə də hesab nömrəsini bilir. Bircə o yadında qalıb ki, evə dönəndən sonra Hüseyn anasının sinəsinə başını qoyub. “Kimsə mənə inanmır. Bircə sən inanıb o pulu verdin, mama. Sağ ol. Mən pis adam deyiləm, vallah. Pis heç nə ilə də məşğul olmuram artıq. Amma mənə inanmırlar. Bu çətindi” deyib. Ən dəhşətlisi isə odur ki, hazırda Abtab xanım qızı ilə eyni mənzildə qalsa da, Bakının bir neçə yerində olan evlərini satmalı olublar. Hüseyn həbsdə olanda onun dalınca getmək lazım olduğuna görə. Hüseyn həbsdə olanda bu qadın Rusiyada yaşayan qohumlarının yanında da çalışıb. Amma Bakıya bir neçə günlük dönüşü onu fiziki qüsurlu birinə çevirib. Yuxarıda qeyd elədiyimiz qəza olub. Bu üzdən yenidən yaranan borclara görə Abtab xanım Hövsan qəsəbəsindəki evini satıb. O, artıq qazanc dalınca gedə bilməzdi. Bir sözlə, haqqında “indiyə kimi də, bundan sonra da elə pul qazanan şou-biznes nümayəndəsi olmayacaq” deyilən Hüseyn Dəryanın anası bu gün həm də evsiz qalıb. Qızının, ya da oğlunun himayəsində yaşamaqdan utanır.

“Qızım, indi nə zəmanədir ki, gəlinə, ya da kürəkənə sığınasan, ayıbdır” deyir. Bu məqamı haşiyə çıxıb ona görə xüsusi vurğuladım ki, bəlkə “hüseynsevərlər” həmin hesabı və o pulu tapmaqda bu qoca, xəstə qadına bir əl tutdu.

 Uzun- uzadı söhbət elədim həm anası, həm də bacısı ilə Hüseyn Dəryanın. Və belə tanıdım onu:

İmanlı biri olub, amma bir o qədər də sadəlövh imiş…

Xeyirxah olub, sui-istifadə ediblər…

Sevgi verib, xəyanət görüb…

Sevib, sevilməyib…

Yaxşı qardaş olub, amma qapalı xarakteri, ailəsindəki  mühafizəkarlıq onu hər dərdini bölüşməyə imkan verməyib…

Şöhrətin zirvəsində olub, başa düşməyib…

Güzgüyə baxıb, amma özünə kim olduğunu anlatmayıb, sadəcə üst başını səliqəyə salıb…

Ağ ölümə tuş gəlib, ölümünün rəngində boğub hər şeyi…

Sonra geri dönüb, səbirsizlik, emosionallıq, xəstəlik, ehtiyac və sevgisizlik sonunu yazıb…

Və nəhayət ,o, sadəcə icraçı olub. Bütün qayğılarının onun haqda verdiyi ölüm hökmünün icraçısı…

O, çoxumuzun ölümündən sonra tanıdığım yeganə tanışımızdır. İstərdim daha belə tanışıq rastımıza çıxmasın. İnsanları ölməmişdən tanımaq yaxıdır çünki…

 …Bütün bu fikirlər ağlımda idi Hüseynin bacısı Ofeliya ilə qapı ağzında sağollaşıb çıxanda. Otaqdan isə o yaşlı və xəstə qadının təkbaşına danışıq səsi gəlirdi: “Əlim ürəyimə çatmır, Hüseyn, yoxsa qoparıb atardım”. Bir insanın içində gəzdirdiyin ürəyi ilə özü arasında nə qədər böyük məsafə varmış, onda anladım. Və yəqin ki, Hüseynin anası qədər heç kim o məsafəni bu qədər dəqiq ifadə edə bilməyəcəkdi…

Facebook Şərhləndirmə:

Şərhinizi yazın