Menu
Geri İrəli

Azərbaycanda kasıblar necə biznes qururlar? – YENİ LAYİHƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2017 • Baxış sayı: 137 dəfə • Şərh yoxdur
Share Button

yoxsukAzərbaycanda 1000-dən artıq kasıb ailə öz biznesinə başlayıb.

Oxu.Az FED.az-a istinadən xəbər verir ki, bu, fevral ayında işə düşən “Özünüməşğulluq Proqramı” çərçivəsində mümkün olub. Proqramın məğzi ondan ibarətdir ki, işsiz olan və sosial yardım almaq üçün müraciət edilən şəxslərə yardım deyil, biznesə başlamaq üçün kömək təqdim edilir. Əgər həmin şəxs razılaşarsa, ona biznes açmaq üçün dəstək göstərilir. Kömək olaran kasıblara həm lazımi məsləhətlər, həm də biznes qurmaq üçün ilkin avadanlıq verilir.

Burada məqsəd, sadə desək, əhalinin yardıma öyrəncəliyini aradan qaldırmaq və onların biznes qurub pul qazanmasına nail olmaqdır.

Proqramı reallaşdıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə,  indiyədək biznes qurmaq üçün 1400 nəfərə yaxın işsiz şəxs müraciət edib. Onlardan 1132 nəfərinə müsbət cavab verilib. Layihəsi qəbul edilənlərdən 230 nəfəri Bakı şəhərində yaşayanlardır. Artıq öz məşğulluqlarını təmin etmək üçün onlara aktivlər verilib.

Nazirlikdən bildirilib ki, özünüməşğulluq üçün nəzərdə tutulan biznes-layihələri əsasən 3 istiqamətdədir:

Məşğulluqları bu sahələrdə tapdılar

“Biz xüsusi kurslardan sonra seçilən işsiz vətəndaşlara nağd pul deyil, iş qurmaları üçün lazım olan avadanlıq və mal-materialları veririk. Ailələrin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olmaq istəyir. Ona görə də aktivlərin  əsas hissəsi – 84%-i kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olmaq istəyən şəxslərə  verilib. Xidmət sahələrinə üz tutanlar 11% , istehsal sahələri isə cəmi 5% təşkil edir”.

Kənd təsərrüfatı sahələri sırasında maldarlıqla məşğul olmaq istəyənlər üstünlük təşkil edir. Özü də bu təkcə rayonlarda deyil, Bakıda da geniş yayılıb. Paytaxtın Bakının Xəzər, Binəqədi, Sabunçu rayonlarında da bu sahəyə üz tutanlar var. Seçilən işsiz vətəndaşlar quşçuluq, qoyunçuluq, damazlıq, südçülük kimi sahələrdə özbiznesini qurmağa başlayıblar.

Xidmət  sahəsində biznes quranlar isə əsasən, bərbər, gözəllik salonu, misgərlik, kompüter salonları, oyun zallarının işə salınmasına üstünlük veriblər. İstehsal sektorunda isə sivenirlərin hazırlanması, at yəhəri, qaz ciyəri, digər kənd təsərrüfatı məhsularının istehsalı, yun emalı sexlərinin açılması, yun sap hazırlanması kimi işlərə vəsait ayrılıb.

Biznesdən imtina edənlər də var

Bakıda biznesə başlayan kasıb ailələr əsasən xidmət sektorunda çalışmağa üstünlük veriblər. Bakı sakinləri avto-yuma məntəqəsi, dərzi, bərbər, şirniyyat sexi, kompüter salonunun açılması, eləcə də kənd təsərrüfatı ilə məşğul olmaq üçün vəsait alıblar. Nazirlikdən bildirilib ki, özünüməşğulluq proqramına Bakıdan 283 nəfər müraciət edib. Lakin sonradan onlardan 53 nəfəri biznes qurmaqdan imtina edib. Səbəbi onların yeni iş tapmasıdır.

Kasıbın malı gözünün qabağında olmalıdır

Qeyd edək ki, kasıb ailələrə verilən avadanlıqlar və məşyalar dərhal onların şəxsi mülkiyyətinə keçmir: “Qaydalara əsasən, bizim mütəxəssislər aktiv veriləndən 1 il müddətində həmin ailələrin işlərinə nəzarət edəcəklər. Hər ay bu kiçik biznes sahiblərinin işi monitorinq ediləcək. Sonda işi müsbət qiymətləndirilən, həqiqətən öz məşğulluğunu qurub müəyyən irəliləyiş əldə edən şəxslər aldıqları aktivləri, avadanlıqları şəxsi mülkiyyətlərinə keçirə biləcəklər”.

Bundan başqa, biznesini uğurla qurub genişləndirərək kiçik sahibkarlıqla məşğul olmaq istəyən kasıb ailələrə əlavə vəsait də veriləcək: “Məsələn, kimsə aldığı heyvanların sayını artırıbsa, ona əlavə sağıcı lazımdır. Sağıcıya isə əmək haqqı verməyə imkanı yoxdur. Bu halda biz ona sağım makinası verəcəyik və s”-deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, əlavələr də nağd pul şəklində deyil, avadınlıq və əşya şəklində veriləcək. Məqsəd odur ki, dəstək verilən ailələr bu pulları digər istiqamətlərə xərcləməyib bizneslə məşğul olsunlar. İşini düzgün qurmayanlar, aldıqları avadanlığı sataraq iş görməyənlər isə əldə etdikləri vasitələri, aktivləri geri qaytarmalı olacaqlar: «Bu işdə heş kəsə güzəşt olunmayacaq və biznes-planlarını həyata keçirməkdən yayınan şəxslərin aldıqları aktivlər əllərindən alınacaq». Belələri sonradan istəsələr də bu proqramma yenidən qoşula bilməyəcəklər.

Davamı gələn ilə qaldı

Xatırladaq ki, proqramma görə. hər ailəyə 4 min manatlıq dəstək verilməlidir. 2017-ci ildə Özünüməşğulluq proqramının icrasına büdcədən 6 milyon manat vəsait ayrılıb. Bu da 1 500 nəfərin özünə iş qurması üçün nəzərdə tutulurdu. Həmin vəsaitin 5 milyon 940 min manatı artıq sərf edilib. Proqram gələn il də davam etdiriləcək:

“Bilirsiz ki, yaxın vaxtlarda İşsizlikdən Sığorta Fondu”nun yaradılması gözlənilir. Gələn il proqram həmin Fondun vəsaitlər hesabına davam etdiriləcək. Eyni zamanda qaydalarda da dəyişikliklər gözlənilir. Məsələn, işsiz vətəndaşlara biznesləri qurmaq üşün dəstək verilən kurslar 1 ay müddətində olacaq”.

“Nazirliyin kifayət qədər böyük vəsaiti yaranacaq”

Qeyd edək ki, “Özünüməşğulluq Proqramı”na cəlb olunanlar üçün 2017-ci ildə 2 aylıq təlim kursları təşkil olunub. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanan təlimçilər onlara təsərrüfatın idarə olunması və inkişaf etdirilməsi ilə bağlı zəruri bilik və bacarıqları öyrədiblər. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları müsbət dəyərləndirilən şəxslərə ailə təsərrüfatlarını qurmaları üçün aktivlər verilib.

Onu da deyək ki, bu məsələ ölkə rəhbərliyinin nəzarətindədir. Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında da bu məsələyə toxunub:

“Özünüməşğulluq proqramına gəldikdə, mən əvvəlki müşavirələrdə bu barədə göstərişlər vermişəm. İndi qanunvericilikdə də lazımi düzəlişlər edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti yaranacaq və bu vəsait də özünüməşğulluq proqramının icrasına yönəldilir. İlkin məlumat müsbətdir. Bu məsələ yerlərdə çox böyük həvəslə qarşılanır. Əlbəttə ki, dövlət ağır vəziyyətdə yaşayanlar üçün öz hesabına pulsuz imkan yaradır, vəsait verir ki, onlar bundan sonra öz dolanışığını lazımi səviyyədə təmin etsinlər”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın