Menu
Geri İrəli

Hər şeyimiz “ekstra”dır

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2010 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur

Ziyəddin Məmmədov,  Türkiyənin Orta Doğu Texniki Universitetinin tələbəsi

Bu yaxınlarda “tamadalar tamadası”nı da seçdik. Ay mübarəkdi, mübarək.  Qarabağa bir az daha yaxınlaşdıq (əslində Qarabağdan biraz daha uzaqlaşdıq) bu  tamadalar ilə.

Axır vaxtlar yaman dəbdədir SMS-lərlə birilərini seçmək. Deyirəm, yəqin SMS-i  ixtira edən ən çox bizim millətin duasını qazanıb. Axı SMS ixtira olunmasaydı,  necə seçilərdilər bu manıslar?! SMS ixtira olunmasaydı, yəqin bizim millət onu  özü kəşf edərdi. Kəşf demişkən “Biz niyə kəşf edə bilmirik?” adındaki məqaləm  yadıma düşdü. Ən son azərbaycanlı olaraq (türklərin deyimi ilə) doğru-dürüst  kəşfə imza atanın Lütfi Zadə olduğunu da xatırlayanda bu gəncliyin nəsə ixtira edə  biləcəyinə şübhə ilə yanaşmağa məcburam. Amma gəncləri də qınamalı eyil.  Çünki əslində yön verib yol östərməsi lazım olan əsas “silah”ımız ancaq SMS-lə  manıs seçməyi öyrədir.

Deyəsən çox pessimistəm. Deyə bilərsiniz ki,  bu qədər neqativ yazacaqdınsa bəs  məqalənin adını niyə “ekstra” qoydun? Mən deyim, siz də agah olun. Bu gün  dünyanın hansı bir ölkəsində tamada anlayışı var? Diqqət! Tamada demirəm,  tamada anlayışı deyirəm. Mən bilən heç birində. Amma Azərbaycanımızda artıq  “tamadalar tamadası” var. Bu gün dünyanın hansı ölkəsində “baxıcı”lar,  “görücü”lər var? Amma bizdə hətta bu günə qədər çarəsi tapılmayan xərçəng  xəstəliyini əli  ilə (!) müalicə edən “ekstra sensli həkim”lərimiz var. Axı onların  ekstra sens – əlavə hissləri var. Niyə də müalicə edə bilməsinlər?! Niyə də görə  bilməsinlər gələcəyi?! Utanmadan hələ bir özlərinə həkim də deyirlər. Hələ mən “krallar”ımızdan, “kraliçalar”ımızdan danışmıram. “Toylar kralı”mız, “toylar  kraliçamız” da var axı?! Heç bilmirsən bu ekstralarla fəxr edəsən, yoxsa bunlara  görə utanasan?!

Bugün muzeylərə gedəndə filan şairdən, yazıçıdan, hökmdardan bizə qalanlara  baxırsan. Fikirləşirsən ki, görəsən bizdən nə qalacaq bizdən sonrakılara? Filan  manısın filan yarışda finalda geyindiyi paltar, filan namussuz tərəfindən aldadılan  filan qızın acı dolu xatirə dəftəri, Qarabağı ən son görən azərbaycanlı babanın və ya nənənin rəsmi.

Bu yaxınlarda izlədiyim Leonardo Di Caprionun baş rol ifaçısı olduğu Zindan  Adasi (“Shutter İsland”) filmində bir dəli qadın obrazın canlandıran xanımın filmdə  dediyi kimi: “Deyirlər ki, yeni bir sehirli qutu ixtira olunub. İçində adamlar oturub  danışırlar. Mən bundan qorxuram.” İndi mən də deyirəm. Bu “sehirli qutu”dan  qorxmaq lazımdır. Çünki o qutunun içində oturub danışan adamların çoxusu  qorxuludur və bizi, bəlkə elə özlərini də dərin qış yuxusuna aparırlar. Bu yuxuya  getməmək lazımdır.

Yusif Səmədoğlunun məzarında (yəqin özü vəsiyət edib) bir yazı yazıldığını  eşitdim keçən günlərin birində. Eşidəndə hansı hissi keçirdiyimi ifadə edə  bilməyəcəm. Yazı budur: “Yuxunuz şirin olsun dirilər.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın