Menu
Geri İrəli

Sumqayıtda Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2015 • Baxış sayı: 571 dəfə • Şərh yoxdur
Share Button

YAP Sumqayıt şəhər təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd olundu

887cb3ee518fafcb2c8e0c03183a38a6_XLAprelin 23-də Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Mərasimi giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Nazilə Cəlilova akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafında xidmətlərindən geniş bəhs edərək bildirdi ki, az-az adam tapılar ki, yorulmaz fəaliyyəti ilə daim cəmiyyətə xeyir versin, ictimaiyyətin hörmət və məhəbbətini qazansın, insanlara gərək olsun, sayılıb-seçilən şəxsiyyət kimi tanınsın. Qismətinə belə xoşbəxtlik yazılanlardan biri də baharda dünyaya gələn sadə, qayğıkeş insan, qaranlıq gözlərə nur paylayan, həyatın gözəlliklərindən zövq alan, oftolmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan akademik Zərifə xanım Əliyeva olmuşdur. N.Cəlilova vurğuladı ki, hamı bu fikirlə razılaşar ki, Azərbaycanda milli oftolmologiya elmi Zərifə xanımın adı ilə bağlıdır. “Bu adı əməlləri ilə qazanan, tanınmış akademikin gördüyü işlər özlüyündə belə bir reallığı təsdiqləyir. Onun tibbi təcrübə və kadr hazırlığı işində olduğu kimi, oftolmologiyada da həkimləri düşündürən problemlərin həllində gördüyü işlər, təcrübə və tədqiqatları sayəsində əldə etdiyi nailiyyətlər bu gün də aktuallığını saxlayır, geniş tətbiq olunur.”

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Səkinə Sadıxova bildirdi ki, bu günlər xalqımızın unudulmaz alimi, gözəl insan, qayğıkeş ana, istedadlı həkim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd olunur. S.Sadıxova Azərbaycanın görkəmli alimi, Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. “Ümummillli lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub.”

Tədbirdə Sumqayıt şəhər İstedad Liseyinin direktoru Adilə Süleymanova, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədr müavini Leyla Əliyeva, Şuranın üzvləri Kəmalə Əsgərova, Töhfə İbadlı, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin Şura üzvü Gülbacı Məmmədova, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Səma Əsədova çıxış edərək Zərifə xanım Əliyevanın təkcə alim, həkim kimi deyil, həm də görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi qibtə ediləcək həyat yolu keçdiyini vurğuladılar. Çıxışlarda bu fikir dönə-dönə qeyd olundu ki, xeyirxahlıq Zərifə xanım Əliyevanın varlığına hakim kəsilmiş ən böyük xüsusiyyət idi. Şəfalı əlləri ilə möcüzələr yaradan akademik Zərifə xanım Əliyeva əbədiyyətə qovuşsa da xatirələrdə daim yaşayacaq.

Orxan Vahidoğlu, “İki sahil”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın