Menu
Geri İrəli

Ən çox “iki” alınan rayon: Səbəb nədir? – Reportaj + Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2016 • Baxış sayı: 935 dəfə • Şərh yoxdur

Celeliabad1  (13)Bu il keçirilən imtahanlarda Ana dili və Riyaziyyatdan ən çox “2” alan rayonların ilk beşliyinə Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı daxildirlər. Cəlil Məmmədquluzadə kimi görkəmli maarifçi, yazıçı-dramaturqun adını daşıyan Cəlilabad rayonu siyahıya liderlik edir. Səbəb nədir? 

- Uşaqlarımız gündüzlər məktəbə, axşam isə molla yanına gedirlər. İndi dinin arxasınca gedənlər çörək tapır. Bizim hamımız şiə müsəlmanlarıyıq. Amma bəzi gənclərimiz də var ki, əhli-sünnədilər. Ötən gün eşitdik ki, dörd gəncimiz vəhabi olub, saqqal saxlayırlar, bu yolla pul qazanırlar. Məktəbdə müəllimlər dərs keçmirlər. Ona görə də uşaqlarımızın çoxu bizimlə birlikdə sahədə kartof əkib, heyvan otarırlar,- bu sözləri AzVision.az-ın müxbirilə söhbətində Cəlilabadın Günəşli kəndinin sakinləri deyiblər. 

…Cəlilabad şəhərinin mərkəzi, “İran bazarı” adlanan yerdəyik. Bir ay öncə iki uşaq rayonundan oğurladıqları çörək və qəndi məhz bu bazarda satan zaman polis tərəfindən qollarına qandal vurulmuşdu. Yəni Cəlilabadın “İran bazarı” cəmiyyətimizin yaddaşında belə qalıb. Burada bizi qızmar günəş, toz qalxan kələ-kötür yollar, ətrafda nizamsız düzülən vitrinlər və satıcılıq edən azyaşlı məktəblilər qarşıladı. Bizi görən uşaqlar satıcı olduqlarını unudub, üstümüzə qaçdılar ki, şəkillərini çəkək.

- Adın nədir? 

- İslam. Bu malları mən satıram. Əmi, hansı “şəpşəpi”ni istəyirsən, götür. Cırılmaz, gələn yayda da geyinərsən. Çox ucuzdur. 5-ci sinifdə oxuyuram. İndi tətildi. Səhərdən axşama qədər burada satıcılıq edirəm. Məktəbə də gedirdim. Allaha şükür ki, məktəb bağlanıb, bazara gəlib satıcılıq edirəm.

Ətrafda oturan yaşlı satıcılar da söhbətə qarışırlar: 

- Bu bazarda çalışan uşaqların çoxu imkansız ailələrdəndir. Onlar böyüklərdən yaxşı işləyirlər. Müştərilər də bizdən çox onların mallarına maraq salırlar. Şirin dilllərinə salıb müstəriləri cəlb eləyirlər. Bəzilərinin valideynləri sağ-salamatdır, amma özlərini əziyyətə salmırlar. Uşaqları bazara göndərirlər ki, həm gözü açılsın, həm də yaxşı müştəri cəlb etsin.

Bazara nəzarət edən polislər də bununla razıdır: “O, uşaqların hamısını yaxşı tanıyırıq. İmkansızlıq səbəbindən satıcılıq edirlər. Biz onlara heç nə deyə bilmərik. Azan verilən kimi bazarın arxasındakı məscidə gedirlər”. 

Bazarda işləyən uşaqlar daha çox İran istehsalı olan ləvazimatlar, oyuncaqlar satırlar. Dönər satan, arabada yük daşıyanlar da var.

- Məktəbə nə vaxt getdik ki, “beş” qiyməti də alaq? Qardaş “iki” almaq bizim alnımıza yazılıb. Heç olmasa şəklimizi çəkin, - deyirlər bizimlə söhbət zamanı.

- Bura İran bazarıdır,- yaşlı sakinlər danışır, - Burada əvvələr İran malları satardılar. Uşaqlar isə təhsili atıb ya molla arxasınca gedir, ya da ki, gəlib bazarda satıcılıq edirlər. İndi Cəlilabadda ən gözəl peşə mollalıqdır. Gəliri də çoxdur. Hər molla bir meyidi 500 manata dəfn edir. Yeməyin də yaslardan çıxır. Elə boş-boşuna da molla olmurlar. İndi hamı uşağını məktəbə yox, mədrəsəyə göndərir ki, ərəb dilini öyrənsin. Daha sonra uşaq böyüyən kimi Tehrana, Təbrizə göndərirlər ki, gedib orda mollalığı daha mükəmməl öyrənsinlər. Getdikləri həmin məktəblərdə uşaqları evlə və bütün şəraitlə təmin edilər.

Bizi kənardan dinləyən, hamının “Kərbəlayi” dediyi molla əsəbləşib söhbətə qarışır: 

- Onlar mollalara şər atırlar. Bunlar cahil adamlardılar, Allahı tanımırlar. Biz insanları düz yolla, haqqın yoluna çəkirik. Heç kəsin uşağını da məcburən molla etmirik. Valideynlər özləri övladlarının molla olmasını istəyirlər. Uşaqlarını dəfn mərasimlərində bizim yanımıza göndərirlər ki, həvəslənsinlər. İrana da övladlarını valideynlər göndərir, biz yox!

…Bazarın qadın paltarları satılan hissəsində satıcılar və alıcıların əksəriyyəti başlarına hicab bağlamışdılar. 

- Oğlum, Cəlilabad yaman dəyişib,- satıcı qadınlardan biri danışır, - İki-üç il olar ki, burada çoxları qapalı geyimlər geyinirlər. And olsun Allaha ki, keçən il gətirdiyim qısaqol donu heç kəs almırdı. Axırda Bakıda yaşayan qohuma hədiyyə etdim. Ən çox satdığımız geyim hicablardır. Qiymətləri də çox da baha deyil, cəmi beş manatdır. Əsasən qız uşaqları, gəlinlər hicab alırlar.

…“İran bazarı”ndan çıxıb, Cəlilabad şəhərinin mərkəzində yerləşən Cümə məscidinə üz tuturuq. İki azyaşlı məktəbli əyinlərində qara geyim kölgədə oturub, namaz vaxtını gözləyirdilər. Həmsöhbət olmağa çalışdıq:

- 11-ci sinifdə oxuyuruq. Hər kəs kimi bura namaz qılmağa gəlmişik.

- İmtahan vermisiniz?
- Bizi yalnız Allah imtahana çəkə bilər.
- Siz də molla olma istəyirsiniz?
- Allah izin versə, niyə də olmayaq ki? Mollallıq gözəl sənətdir. Biz təkcə pul qazanmaq üçün molla olmaq istəmirik. Həm də dinimizi təbliğ etmək istəyirik. Haqqın buyurduqlarını camaata öyrədəcəyik. Təhsil almaq da gözəldir. Amma hazırlıq qiymətləri çox bahadır. Allaha dua edirik ki, qəlbimiz, əməllərimiz saf olsun. Günahlarımızı bağışlasın. Bizi buna görə heç kəs qınaya bilməz. 

…Biz söhbət edərkən ətrafımıza uşaqlar toplaşdılar. Onların dini təhsil almaq üçün mədrəsəyə gəldiklərini öyərəndik. Hamısı ibtidai sinif şagirdləri olan bu uşaqlar bizimlə söhbət edib, maraqla şəkil çəkdirdilər.

Məscidə nəzarət edən şəxslər isə bildirdilər ki, artıq bura şəhər sakinləri üçün darlıq edir. Həyətdə yeni bir məscid də inşa edilir.

Cəlilabad şəhərinin ən məşhur yeri isə “Stəkan-nəlbəki” adlanan tarixi məkandır. Rayonun siması kimi təqdim olunan məkan indi çayxana olub, 50 qəpikdən müştərilərə çay təqdim edir. Bura sovet dövründə inşa edilib. Rayonun keçmiş icra başçısı bir gün əlində stəkan-nəlbəki tutub və heykəltaraşa deyib ki, bunu yarat. O da belə bir şey hazırlayıb. Bu gün Cəlilabada gələn bütün qonaqlar buranı ziyarət edirlər. Bura gənclərin, uşaqların vaxt keçirmək yeridir.

…Cəlilabadın Şiləvəngə və Dələli kəndlərində insanların əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıqdır. Kartof əkənlər də çoxluq təşkil edir. Sakinlərin sözlərinə görə, bu kəndlərdə də gənclərin əsas məşğuliyyəti taxıl əkmək, heyvan saxlamaqdır. Uşaqlar məktəbə getmirlər, örüşə heyvan aparırlar.

İranla sərhəddə yerləşən Dələli kəndində “Üç İmam Məzarı” ziyarətgahı yerləşir. Sakinlərin sözlərinə görə, müqəddəs aylarda bütün kənd ziyarətçi axınına məruz qalır. Burada Kürdəmir rayonundan gələnlərlə söhbətləşdik:

- Bura çox inandığımız bir yerdir. Havlar bir az sərinləşən kimi balaca nəvlərimi də bu ziyarətə gətirəcəyəm. Onlar dinimizi sevməli, Allahımıza ibadət etməlidirlər. Mən və dostlarım Azərbaycanda, İranda olan bütün pir, ziyarətgahlara getmişik. Bəzən bir-birimizə “pirpərəst” də deyirik. Bura çox müqəddəs yerdir. Bura həmişə gələndə bir rahatlıq tapıram. 

Kənd sakinləri deyirlər ki, əvvəllər İranla sərhədlər açıq idi: “Hər kəs gedib İrandan istədiyi malı gətirirdi. Bəzi adamlar bunu fürsət bilib İrandan narkotik maddələr gətirib, uşaqlarımızı zəhərləyirdilər. Daha sonra isə sərhədlər bağlandı. İndi əsgərlərimiz sərhədə nəzarət edir”.

Hafiz Əhmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın