Menu
Geri İrəli

Energetika sistemində səmərəliliyi necə artırmaq olar? – RƏY

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Avqust 2015 • Baxış sayı: 349 dəfə • Şərh yoxdur

elektrik“Azərenerji”nin 500 milyona yaxın borcu var.

Ölkə iqtisadiyyatı genişləndikcə, əhalinin sayı artdıqca elektrik enerjisinə tələb yüksəlir. Odur ki, hökumət bu sahəyə daha çox diqqət yetirir. Düzdür, ölkədə enerji istehsalı artır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xeyli vaxtdır enerji tədarükçüsünə çevrilmişik.

Lakin istehsal prosesində ciddi problemlər mövcuddur. Buna misal olaraq, “Azərenerji” ASC-nin bu ilin iyun ayının 1-nə Neft Şirkətinə təxminən 0,5 milyard manat borcunun olması faktını göstərə bilərik. Borcun yaranmasına səbəb kimi son 3 il ərzində adı çəkilən qurumun bu və ya digər amillər üzündən Dövlət Neft Şirkəti tərəfindən tədarük edilmiş qazın haqqını ödəyə bilməməsi göstərilir.

Sözümüz bunda deyil.

Bu gün Azərbaycanın enerjisisteminin əsasını 10-dan çox su, 14 istilik elektrik stansiyası təşkil edir. Bu, 7,1 min meqavatdan çox güc deməkdir. Buna son 10 ildə 40% artım əldə edilməklə nail olunub. Ümumiyyətlə, elektrik enerjisi istehsalı hər il artır. Keçən il 2013-cü ildəkindən 7% çox istehsal əldə edildi. 2015-ci ilin yanvar-mart aylarında isə 6,41 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2014-cü ilin eyni dövründəki göstəricidən 2%-ə yaxın çoxdur.

Hesabat dövründə istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 6,12 milyard kilovat/saat əmtəəlik elektrik enerjisinin payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 2% çoxdur. Bu ilin ilk 3 ayında istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 5,88 milyard kilovat/saat istilik, 233,9 milyon kilovat/saat enerji isə su elektrik stansiyalarının payına düşüb.

Bununla belə, generasiya gücləri tərəfindən istehsal olunan elektrik enerjisinin əhalinin rifahına düşən səviyyəsinə görə inkişaf etmiş ölkələrə çatmaq üçün ölkənin enerjisisteminin gücü 10 min meqavatdan yuxarıya çatdırılmalıdır.

Buna nail olmaq mümkündürmü?

Təbii ki, mümkündür. Ancaq sözügedən sahəyə real yanaşma tərzi ilə yox…

Təkrar edirik ki, istehsalda problemlər var. Söhbət, texnologiyadan başlamış, bütün istehsal əlaqələrinə kimi “zəncirin halqalarından” gedir. Eyni zamanda, isteklak da səmərəli deyil – düzgün yerinə yetirilmir. Sonuncu barədə məqalələrimizin birində yazmışdıq ki, inkişaf etmiş ölkələrdə enerji istehlakında səmərəliliyi artırmaq iqtisadiyyatın inkişafında bir nömrəli vəzifə sayılır. Bizdə isə bu məsələyə lazımi diqqət yetirilmir.

Odur ki, istehsal 10 və 20 min meqavata çatdırılsa da xeyri olmayacaq. Çünki heç nə havayı başa gəlmir. Generasiya layihələri investisiyalar nəticəsində reallaşdırıldığından istehsal xərci ödənilməlidir. Bizdə isə iqtisadiyyatda ən böyük itki enerji istehlakı nəticəsində əldə olunur ki, bu da olduqca ciddi problemdir.

Ona görə də, öncə, enerji səmərəliliyini artırmağı Azərbaycan iqtisadiyyatında da bir nömrəli vəzifəyə çevirmək lazımdır.

Yeri gəlmişkən, enerji istehlakında səmərəliliyə nail olmaq təkcə yığımda maksimum nəticə əldə etmək, qiymətləri artırmaq və sairədən ibarət deyil. Rəsmi olaraq da etiraf edilir ki, bu gün Azərbaycanda istehlak olunan enerji resurslarını 50%-ə qədər azaltmaq mümkündür. Bunun çox hissəsini isə məhz istehsal xərclərini azaltmaqla əldə etmək olar. Ancaq bizdə, məsələyə çox vaxt başqa üzdən yanaşılır.

Belə ki, istehsalda səmərəliliyə nail olmaq dedikdə dərhal tariflərə diqqət çəkilir və onu qaldırmaq barədə təklif irəli sürülür. Halbuki, alıcını qənaətə sürükləmədən öncə, istehsal xərclərini azaltmaq vacibdir.

Doğrudur, bayaq da yazdıq ki, generasiya layihələri investisiyalar sayəsində reallaşdırıldığından xərc ödənilməlidir. Ancaq, bütün bunlar dövlət büdcəsindən alınan vəsaitlər və dövlət zəmanəti ilə verilən kreditlər hesabına həyata keçirilirsə, paralel olaraq ölkədə enerji istehlakından yığım səviyyəsi də qənaətbəxşdirsə sistemdaxili borclar yaranmamalıdır.

“Azərenerji”nin isə yuxarıda qeyd etdiyimiz kimi 500 milyona yaxın borcu var.

Odur ki, vətəndaşları ölkədə elektrik enerjisinin qiymətinin hər an artırıla bilinəcəyi “qorxudur”. Halbuki elektrik enerjisinin də maya dəyəri var və 1 kilovat/saatın əldə olunmasına müvafiq xərc çəkilir. Həmin xərcin isə rəsmi olaraq əlavə dəyər vergisi də daxil 4,1 qəpik olduğu bildirilsə də əslində, 2,5-3 qəpiyədək aşağı salmaq mümkün olduğu deyilir.

Digər vacib məsələ alternativ enerji mənbələrindən istifadədir. Cari ilin yanvar-mart aylarında ölkədə külək enerjisi ilə çalışan stansiyalarda 2,2 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bu, olduqca kiçik rəqəmdir. Müqayisə üçün qeyd edək ki, Avropa ölkələri külək elektrik stansiyalarına üstünlük verirlər.

Statistikaya əsasən artıq, bəzi ölkələr enerjinin 20 %-ni külək elektrik stansiyalarının hesabına əldə edirlər. Danimarka bu sahədə liderdir. Bu ölkədə istehsal olunan elektrik enerjisinin 33,8 %-i külək enerjisindən alınır. İkinci yer Portuqaliyaya məxsusdur. Bu ölkədə külək enerjisinin payı ümumi elektrik enerjisi istehsalında 24,6 % təşkil edir. Üçüncü yerdə İspaniya (20,9 %) dayanır.

Azərbaycanın Xəzəryanı ərazisində küləyin illik orta sürəti 40-50 metr hündürlükdə saniyədə 7 metrdən az deyil. Abşeron yarımadasında isə 12-14 metr hündürdə 5,6-7,1 metr intervalındadır. O cümlədən, ölkəmizin iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa da imkan açır. Ölkəmizdə günəşli saatların miqdarı ildə 2400-3200 saat, 1 kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı isə 1500-2000 kilovat/saat təşkil edir.

Dubay 2030-ci ilə özünün günəş enerjisinə olan təlabatının 15 %-ni günəş hesabına ödəyəcək. Səudiyyə Ərəbistanı isə 2040-cı ilə neftdən imtina edəcəyini açıqlayıb. Bunu ölkənin neft naziri Əli Əl-Naimi  deyib. O qeyd edib ki, günəş enerjisindən istifadə neft və qaz hasil etməkdən daha sərfəli sayılır. Əli Əl-Naiminin sözlərinə görə, ölkəsi  günəş və külək energetikası bazarında qlobal oyunçu rolunu oynayacaq. Və nəticədə krallıq karbohidrogen deyil, elektrik enerjisi ixracı ilə məşğul olacaq.

Düzdür, alternativ və bərpa olunan enerji istehsalı asan və ucuz başa gəlmir. Və hazırda inkişaf etmiş ölkələrdə bunun üzərində iş gedir. Ancaq mütəxəssislər hesablayıblar ki, məsələn, təkcə günəş energetikası yaxın on il ərzində ən münasib enerji mənbəyinə çevriləcək. Almaniyanın müvafiq tədqiqat institutunun rəyinə əsasən, 2025-ci ildə Mərkəzi və Cənubi Avropa ərazisində sözügedən elektrogenerasiyanın dəyəri 4-6 sentdən 2050-ci ilədək 2-4 sentə qədər enəcək.

Ümumiyyətlə, ABŞ-da bu gün günəş enerjisinin qiyməti kilovat/saat başına 5,6, küləkdə isə 1,4 sentə düşüb. Halbuki, təbii qaz yandırmaq yolu ilə alınan enerjinin qiyməti 6,1 sent, kömürdəsə 6,6 sent təşkil edir. Atom Elektrik Stansiyası üzrə isə bu rəqəm 11 sentə bərabərdir.

Sonda bir məqama da toxunmaq istərdik. Məlumdur ki, bu ilin fevralın 10-da Prezidentin müvafiq Sərəncamı ilə respublika ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə təminatı həyata keçirmək və bu sahədə yeni texnologiyalar tətbiq etmək, maddi-texniki bazanı müasirləşdirmək, ondan səmərəli istifadə etmək, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək məqsədilə “Azərişıq” ASC yaradıldı. “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti ona ötürülməklə, istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan “Azərenerji”inin balansındakı bütün əmlak və avadanlıqlar “Azərişıq”a verildi.

Bu, çox müsbət və yerində atılan addım oldu. Bizcə, ölkədə ümumən enerji istehsalı və istehlakında səmərəliliyi artırmaq və iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevirmək məqsədilə sektorda bəzi elektrik stansiyaları həm də özəlləşdirilsə yaxşıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın